“23 Mart Hərəkatı” (M23) hərbi qruplaşması Konqo Demokratik Respublikasında elə özlərinin elan etdiyi atəşkəsə baxmayaraq, irəliləyir.
Bu barədə AP yerli sakinlərə istinadən məlumat yayıb.
Onların məlumatına görə, “M23” bölmələri Cənubi Kivu əyalətinin paytaxtı Bukavudan 96 km şimalda yerləşən Nyabibve şəhərinə daxil olub.
AP xatırladıb ki, “M23” Bukavu və digər əraziləri ələ keçirmək istəmədiyini bəyan edib, lakin Konqo hökumətinin qeyri-konstruktiv mövqe tutacağı təqdirdə paytaxt Kinşasaya qədər irəliləyəcəklərinə söz verib.
Qeyd edək ki, fevralın 4-də Ruanda ordusunun dəstəyi ilə Şimali Kivu əyalətinin inzibati mərkəzi Qomanı ələ keçirən “M23”ün humanitar böhranla əlaqədar atəşkəs tətbiq etdiyi məlum olub. Bəzi məlumatlara görə, Qomada 2 000 nəfər ölüb. BMT də həmçinin bölgədə şiddətli döyüşlərin getdiyini bildirib.
BMT-nin məlumatlarına görə, “M23”ə Ruandanın 4 min hərbçisi dəstək verir. Həmçinin Konqo Demokratik Respublikasının şərqində Ruanda ilə gərgin münasibətləri olan Burundinin bir neçə min əsgəri Konqonun hökumət qüvvələrinə kömək edir.
"Cebheinfo.az"