AZ

Bəşəriyyəti sarsıdan dağıdıcı təbii fəlakətlər -FOTOLAR

Zəlzələlər, daşqınlar, vulkan püskürmələri elementlərin bizə öz üstünlüyünü xatırladan üsullardır.

Vezuvi püskürməsi - eramızın 79-cu ili

79-cu ilin avqustunda Vezuvi dağının məşhur püskürməsi baş verdi və qədim Roma şəhərləri Pompey, Herkulaneum və Stabiae məhv oldu. Fəlakət kül, qaz və piroklastik axınların emissiyası ilə müşayiət olundu. Bu, isti qazlardan, küldən və inanılmaz sürətlə hərəkət edən qaya parçalarından ibarət buludlar idi. Temperaturu 300 °C-ə çata bilərdi və axınlar yolundakı hər şeyi məhv etdi.

Nəticədə bir neçə saat ərzində şəhərlər qalın külə büründü və elm adamlarının hesablamalarına görə, təxminən 20 min adam öldü.

Pompeyi bürüyən kül küçələri, evləri, hətta insanların və heyvanların cəsədlərini orijinal halında saxlayıb. Bunun sayəsində təkcə memarlığı deyil, həm də qədim Romalıların gündəlik həyatını ətraflı öyrənmək mümkün olub. Məsələn, arxeoloqlar sənətkarlıq alətləri, parlaq rəngli freskalar, müxtəlif küplər və amforalar aşkar etmişdilər.

Çinin böyük zəlzələsi - 1556

1556-cı ilin yanvarında Çinin Şaansi əyaləti bəşər tarixinin ən dağıdıcı zəlzələlərindən birinə məruz qalıb. Onun maqnitudası, müasir hesablamalara görə, 8 bala çatıb. Təbii fəlakət 830 minə yaxın insanın həyatına son qoyub.

Zərərçəkənlərin çoxu yaodonq adlı evlərdə yaşayırdı. Bu evlər yumşaq torpaq səbəbindən bölgədə çox yayılmışdı. Yaşayış yerləri birbaşa mağaralarda və yamaclarda qazılmışdı. Evlər yeraltı təsirlərdən dərhal çökdülər, insanları tonlarla torpaq altında qaldı.

Zəlzələ minlərlə insanın ölümü ilə yanaşı, infrastrukturun dağılmasına, landşaftın dəyişməsinə və sürüşmələrə səbəb oldu. Şəhərlərin bərpası onilliklər çəkdi, lakin bir çox yaşayış məntəqələri heç vaxt əvvəlki vəziyyətinə qayıtmadı.

Krakatoa püskürməsi - 1883

27 avqust 1883-cü ildə Sunda boğazında Yava və Sumatra adaları arasında yerləşən Krakatoa vulkanı inanılmaz güclə püskürdü: tüstü sütunu 80 kilometr hündürlükdə qalxdı və partlayışın səsi hadisə yerindən 4800 kilometr aralıda eşidildi. Alimlər hesab edirlər ki, bu, bəşər tarixində ən yüksək səs olub.

Partlayış İndoneziyanın sahilyanı ərazilərini əhatə edən nəhəng sunamiyə səbəb oldu və yüzlərlə yaşayış məntəqəsini dağıtdı. Təxminən 36 min insan öldü və bir çox ərazilər yaşayış üçün yararsız hala düşdü.

Bu hadisələrdən sonra aylar ərzində dünyada qeyri-adi gün batımı müşahidə olunub. Atmosferə qalxan kükürd hissəciklərinə görə onlar parlaq qırmızı və narıncı çalarları ilə fərqlənirdilər. Edvard Mançın "Qışqırıq" tablosunun püskürmədən sonra Norveç üzərindəki səmanı təsvir etdiyinə dair bir nəzəriyyə var.

 Krakatoadakı vulkanik fəaliyyət dayanmadı və sonradan dağıdılmış adanın yerində yeni bir vulkan - "Krakatoa uşağı" mənasını verən “Anak Krakatau” meydana çıxdı. O, 1927-ci ildə yeni püskürmələr nəticəsində dəniz səthində yaranıb və vaxtaşırı aktivlik nümayiş etdirərək böyüməyə davam edir.

1923-cü il Böyük Kanto zəlzələsi

1923-cü il sentyabrın 1-də Yaponiyanın Kanto bölgəsində 7,9 bal gücündə dağıdıcı zəlzələ baş verdi və Tokio və Yokohamanı dağıtdı. O, çoxsaylı afterşoklarla müşayiət olunub və güclü külək nəticəsində sürətlə yayılan böyük yanğınlara səbəb olub.

Qurbanların ümumi sayının 140 mindən çox olduğu təxmin edilir, bir milyona yaxın insan evsiz qalıb. Zəlzələ, nahar vaxtı yemək bişirmək üçün açıq oddan istifadə nəticəsində yayılan yanğınlara səbəb olub. Güclü külək alovu gücləndirərək fırtınalar yaradıb. Nəticədə yanğınlar sentyabrın 3-dək söndürülə bilmədi və Tokionun 45%-ni məhv etdi. Zəlzələlər, həmçinin Saqami körfəzində 12 metr hündürlüyündə sunamiyə səbəb olub, burada 155 ev dağılıb, 60 nəfər həlak olub.

Şahidlər vəziyyəti apokaliptik kimi təsvir ediblər. Dağıntı isə o qədər geniş idi ki, paytaxtın başqa şəhərə köçürülməsi belə müzakirə olunmuşdu. O vaxtdan etibarən 1 sentyabr Yaponiyada Fəlakətlərin Qarşısının Alınması Günü kimi qeyd olunur.

Çində daşqın - 1931

1931-ci ilin yayında Çində baş verən silsilə daşqınlar tarixin ən dəhşətli təbii fəlakətlərindən biri olub. 180 min kvadratkilometr əraziyə təsir edib və müxtəlif hesablamalara görə 2 milyona qədər insanın həyatına son qoyub.

1928-30-cu illərdə iki illik quraqlıqdan sonra Çində qarlı qış, ardınca isə uzunmüddətli yağış mövsümü yaşandı. Nəticədə Yantszı, Sarı və Huayhe çayları sahillərindən daşaraq geniş əraziləri su basıb. Ən çox zərər çəkən əyalətlər Hunan, Anhui və Hubey olub.

Sel evləri və əkin sahələrini dağıdıb, milyonlarla insanı evsiz və dolanışıqsız qoyub. Su yolları həm də on minlərlə insanın həyatına son qoyan vəba və tif epidemiyalarının mənbəyinə çevrilmişdi.

Bhola siklonu - 1970-ci il

13 noyabr 1970-ci ildə Bhola siklonu Şərqi Pakistan (indiki Banqladeş) və Qərbi Benqal sahillərinə çatdı. Küləyin sürəti 250 km/saat idi və dalğalar Qanq çayının deltası və sahil boyu kəndlər də daxil olmaqla sahilyanı əraziləri su basdı. Fəlakət 500 minə yaxın insanın həyatına son qoydu və bu, tarixdə ən ölümcül siklon oldu.

Daşqınlar yerli sakinlərin əsas qida mənbəyi olan çəltik zəmilərini məhv edib. Bu, ciddi ərzaq çatışmazlığına, aclığa və vəba və dizenteriya epidemiyalarına səbəb oldu.

Fəlakətin siyasi nəticələri də əhəmiyyətli idi: hakimiyyətin fəlakətlə effektiv mübarizə apara bilməməsi əhali arasında geniş narazılığa səbəb oldu. 1971-ci ildə Banqladeşdə yeni bir dövlətin yaradılması ilə başa çatan Müstəqillik Müharibəsinin başlamasının səbəblərindən biri də bu idi.

Hind okeanında zəlzələ - 2004

26 dekabr 2004-cü ildə Hind okeanında bir sıra güclü zəlzələlər tarixin ən dağıdıcı sunamilərindən birinə səbəb oldu. Əsas zəlzələnin maqnitudası 9,1 ilə 9,3 arasında olub və episentri İndoneziyanın Sumatra adasının sahillərində yerləşib.

Hündürlüyü 30 metrə çatan dalğalar İndoneziya, Tailand, Şri-Lanka, Hindistan və Maldiv adaları da daxil olmaqla onlarla ölkənin sahillərinə çatıb. Ölənlərin sayı 200 minə yaxın idi və milyonlarla insan evsiz qaldı. Sunami böyük iqtisadi ziyana səbəb oldu: limanlar, yollar və elektrik şəbəkələrini məhv etdi. Bütün bölgələri rabitəsiz və resurslarsız qalmışdı.

Bu hadisə həm də bütün dünyanı şoka saldı, çünki onun qurbanları üçün tamamilə sürpriz oldu. O zaman Hind okeanında sunami aşkarlama sistemi, sahilyanı rayonlar üçün sürətli xəbərdarlıq sistemi yox idi.

2004-cü il hadisələrindən sonra nəhayət lazımi infrastruktur yarandı: dənizin dibində suyun təzyiqindəki dəyişiklikləri qeydə alan xüsusi sensorlar və detektorlar quraşdırıldı. Bu, insanlara gələcəkdə oxşar fəlakətlərə daha yaxşı hazırlaşmaq imkanı verdi.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
21
ikisahil.az

1Mənbələr