![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/lahic.webp)
Dünyada turizm hər bir ölkə üçün ən dinamik inkişaf edən sahələrdən biri sayılır. Azərbaycanda da turizm sahəsi yeni mərhələyə qədəm qoyub.
Son dövrlər ölkəmizdə keçirilən beynəlxalq səviyyəli oyunlar turist axınında əhəmiyyətli rol oynayır. Avropa, Asiya və Afrika ölkələrindən minlərlə turist gəlir. Turist axınının bu qədər genişlənməsi ölkəmiz üçün iqtisadi baxımdan çox vacibdir. Turistlərin bu qədər çox axın etməsi qeyri-neft sektorunun inkişafına birbaşa təsir göstərir.
Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycana turist axınının böyük hissəsi paytaxt Bakı və ətraf bölgələrə yönəlir. Halbuki, ölkənin müxtəlif regionları da təbii gözəllikləri, tarixi abidələri və zəngin mədəniyyəti ilə turistlər üçün cəlbedici ola bilər. Açıqlanan statistik məlumatlara əsasən, 2024-cü ildə Azərbaycana gələn turistlərin 80 faizdən çoxu Bakı şəhərinə üstünlük verir. Bu o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən heç 2-si də Bakıdan kənara, rayonlara getmir.
Maraqlıdır, turistlər niyə bölgələrə maraq göstərmir?
Natiq Cəfərli: “Regionlarda xarici turist görən kimi, xüsusən də kafe və restoranlarda qiyməti kəskin artırırlar ki, bunun da ciddi təsiri var”
İqtisadçı ekspert Natiq Cəfərli də “Bakı-Xəbər”ə şərhində bildirdi ki, regionlara gedən turist sayı həddindən artıq azdır: “İlk olaraq deyim ki, Bakının infrastrukturu, hotelleri, hotellərin qiymətləri xarici qonaqlar üçün daha uyğundur. Regionlarımızda isə ilk növbədə çox yüksək səviyyəli hoteller azdır, olanlar da çox bahadır. Amma xarici turistlərin, əsas da Avropadan və Amerikadan, Qərb ölkələrindən gələn turistlərin artıq profili, istəkləri dəyişib. Onlar bir gecə yatmaq üçün 200-300 dollar vermək istəmirlər, əsasən butik, “home”, kiçik, 2-3 ulduzlu hotellərə üstünlük verirlər. Regionlarda da bunlar, demək olar ki, yoxdur. Bununla yanaşı, regionlarda xarici turist görən kimi xüsusən də kafe və restoranlarda qiyməti kəskin artırırlar ki, bunun da ciddi təsiri var”.
Ceyhun Aşurov: “Azərbaycana gələn turistlərin əksəriyyəti paytaxt Bakı şəhərində vaxtının böyük hissəsini keçirir”
Turizm eksperti Ceyhun Aşurov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, regionlar turistlərin marağını cəlb etmir: “Əslində regionlar da maraqlıdır. Xüsusən də, təbiəti sevənlər, müxtəlif təbiət mənzərələri ilə yaxından tanış olmaq istəyənlər üçün, maraqlı və qeyri-adi təamlar dadmaq istəyən şəxslər üçün. Azərbaycan rayonlarında kifayət qədər rekreasiya resursları, insanların istirahəti üçün kifayət qədər maraqlı resurslar mövcuddur. Onu da deyim ki, Azərbaycana gələn turistlərin əksəriyyəti paytaxt Bakı şəhərində vaxtının böyük hissəsini keçirir. Bunun əsas səbəblərindən biri ölkəyə gəliş-gedişin əksərən hava vasitəsilə olmasıdır. Demək olar ki, uçuşların 90 faizindən də çoxu Bakı şəhərinə həyata keçirilir. Qonaqlar həm gələrkən, həm də ölkədən gedərkən Bakı hava limanından istifadə edirlər. Bu o deməkdir ki, səfərin həm əvvəli, həm də sonrası ölkəyə gələn insanlar Bakıda olmaq məcburiyyətindədirlər. Onların səfər müddətlərinin də uzun olmadığını nəzərə almalıyıq. Vaxtlarının üçdə ikisindən çoxunu Azərbaycana gələn turistlər Bakıda keçirir. Regionlara birbaşa uçuşların olması və ölkədə olan beynəlxalq hava limanlarının istifadəsi daha səmərəli həyata keçirilərsə, bu mənzərə tamamən dəyişə bilər”.
Günel CƏLİLOVA