Bakı, TurkicWorld
Argentina prezidenti Xavyer Milei, ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxacağını açıqlayıb.
TurkicWorld xəbər verir ki, X sosial media platformasında paylaşım edən Milei, ÜST-nin pandemiya zamanı tətbiq etdiyi uzunmüddətli tədbirləri "insanlığa qarşı cinayət" adlandırıb.
Milei ÜST-ni sərt tənqid edərək, "Onların karantinin yaradıcıları olduqlarını heç vaxt unutmayacağıq. Bu, 1998-ci il Roma Nizamnaməsinin 7(k) maddəsinə uyğun olaraq, tarixin ən qəribə bəşəri cinayətlərindən birinə səbəb oldu. Bu səbəbdən belə bir tətbiqi qadağan etmək qərarına gəldik." - deyə bildirib.
Prezidentin sözçüsü Manuel Adorni, ÜST-nin Covid-19 dövründə həyata keçirdiyi səhiyyə siyasətlərini Argentina hökumətinin qəbuledilməz hesab etdiyini bildirib və məhz bu səbəbdən Mileinin ÜST-dən çıxma əmri verdiyini açıqlayıb.
Adorni həmçinin vurğulayıb ki, Argentina ÜST-dən maliyyə almır və təşkilatdan çıxmaq ölkənin səhiyyə sisteminə təsir etməyəcək.
Bundan əlavə, Argentina hökuməti ÜST-nin pandemiya dövründə tətbiq etdiyi uzunmüddətli karantin tədbirlərinin elmi əsaslara malik olmadığını və ölkə iqtisadiyyatına ciddi ziyan vurduğunu müdafiə edir.