ABŞ-nin Merilend ştatındakı məhkəmə prezident Donald Trampın doğum hüququ əsasında vətəndaşlıq əldə etməyi məhdudlaşdıran fərmanını müddətsiz olaraq bloklayıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, qərarın bütün ölkə ərazisində qüvvədə olduğu və dəqiq bitmə tarixinin olmadığı bildirilir.
Qadağa yalnız yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edildiyi halda və ya işə dair yekun qərar qəbul edildikdə qüvvədən düşə bilər.
Merilend dairə məhkəməsinin hakimi Debra Bordman Trampın fərmanının ABŞ Konstitusiyasının 14-cü düzəlişinin müddəalarına zidd olduğunu və Ali Məhkəmənin 125 illik presedentinə qarşı gəldiyini bildirib. Hakim eyni zamanda, Ədliyyə Nazirliyindən Tramp administrasiyasının 14-cü düzəlişi öz lehinə izah edə biləcəyini təsdiqləyən məhkəmə işlərinin siyahısını təqdim etməsini istəyib.
Xatırladaq ki, 21 yanvar tarixində Donald Tramp doğum hüququ əsasında ABŞ vətəndaşlığı almağı məhdudlaşdıran fərman imzalayıb. O, ABŞ-ın belə bir qanunun qüvvədə olduğu "yeganə ölkə" olduğunu iddia edib. Sənəd federal agentliklərə yalnız vətəndaşlara təqdim edilən sənədləri verməyi də qadağan edirdi.
Nuriyyə Musayeva