AZ

Azərbaycanda sənaye zonalarında 10-a yaxın müəssisə fəaliyyətə başlayacaq

Ötən il Azərbaycanda sənaye zonalarında yeni fəaliyyətə başlayan 10 müəssisə tərəfindən ümumilikdə 48,6 milyon manat investisiya yatırılıb, 389 daimi iş yeri yaradılıb.

“İki sahil” xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib.

O bildirib ki, bu müəssisələr müxtəlif təyinatlı tikinti materiallarının, ayaqqabıların, dəmiryolu avadanlıqlarının, elektrik və digər məhsulların istehsalı ilə məşğul olurlar: "Yeni fəaliyyətə başlayan müəssisələrin çoxunun Ağdam Sənaye Parkında olması xüsusilə qürurverici haldır. Sənaye zonalarında investisiya portfeli 7,9 milyard manat olan 152 sahibkarlıq subyektinə rezidentlik, 10 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manat investisiya yatırılıb, 84 müəssisə fəaliyyətə başlayıb, 10700-dən artıq daimi iş yeri yaradılıb. Həmçinin növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq 1 milyard manatdan çox investisiyanın yatırılması, 8000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur".

S.Adıgözəlov deyib ki, 2015-ci ildən 2024-cü il də daxil olmaqla sənaye zonalarında 15,4 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,9 milyard manatlıq hissəsi ixrac edilib: "Həmçinin 2024-cü ildə sənaye zonalarında 3,3 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 1 milyard manatlıq hissəsi ixracın payına düşür. 2023-cü illə müqayisədə ixrac 8,1% artıb. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir. Əsasən sənaye zonalarında istehsal edilən polimer, karbamid, sürtgü yağlarının, şüşə lövhələrin, polad boruların, kabel, sulfat turşusunun, tütün məmulatlarının, keramik plitələrin, ipliklərin, divar kağızlarının, müxtəlif təyinatlı ayaqqabıların və s məhsulların ixracı həyata keçirilib".

"2024-cü ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,6%, ixracında isə 26% təşkil edib. Bu il İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Bu müəssisələr innovativ inşaat materiallarının, tütün məmulatlarının, yük avtomobillərinin və s. məhsulların istehsalı ilə məşğul olacaqlar. Fəaliyyətə başlayacaq müəssisələr tərəfindən təqribən 1000-ə yaxın daimi iş yerinin yaradılması planlaşdırılır", - deyə A.Adıgözəlov əlavə edib.

Seçilən
51
10
ikisahil.az

10Mənbələr