AZ

Konqoda həbsxanadan qaçan kişilər 100-dən çox qadın məhbusu zorlayıb yandırıblar

Konqo Demokratik Respublikasında Qoma şəhərindəki Munzenze həbsxanasından qaçan kişilər 100-dən çox qadın məhbusu zorlayıb, sonra isə onları diri-diri yandırıblar.

Bu barədə BBC BMT-nin daxili sənədinə istinadən məlumat yayıb.

Məhbusların həbsxanadan qaçışı 2025-ci il yanvarın 27-də baş verib. Həmin vaxt Ruandanın dəstəklədiyi “23 Mart Hərəkatı”nın (M23) üsyançıları şəhəri ələ keçiriblər.  Azadlığa çıxan kişilər qadın məhbuslara hücum ediblər, sonra həbsxananı yandırıblar. Təcavüzə məruz qalan qadınlardan çoxu qadın ölüb.

“The Guardian” BMT-nin Qomada yerləşən sülhməramlı qüvvələrinin rəhbərinin müavini Vivian van de Perreyə istinadən yazır ki, bir neçə min kişi həbsxanadan qaçıb. Ümumilikdə, onun məlumatlarına görə, Munzenze islah müəssisəsində təxminən dörd min kişi və bir neçə yüz qadın saxlanılırdı.

BMT baş katibinin münaqişə zamanı cinsi zorakılıq üzrə xüsusi nümayəndəsi Pramila Patten həbsxanada ən azı 165 qadının zorlandığını bildirib.

Onun sözlərinə görə, Konqodakı silahlı münaqişə fonunda qadınlara və qızlara qarşı seksual xarakterli zorakılıq, qrup şəklində zorlamalar və cinsi köləlik barədə də məlumatlar var. O, günahkarların məsuliyyətə cəlb olunmasını istəyib.

Qoma bir milyondan çox əhalisi olan böyük şəhərdir. Şəhər hazırda M23 qrupunun üzvləri tərəfindən ələ keçirilib. Konqo hakimiyyətinin məlumatına görə, qarşıdurmalarda 2000-dən çox adam ölüb. BMT ən azı 900 nəfərin öldüyünü bildirir.

Seçilən
35
buta.media

1Mənbələr