AZ

Yaxın Şərq yenidən qarışacaq - Rufiz Hafizoğlu

Bakı, TurkicWorld

"Yaxın aylarda bölgədə ciddi dəyişikliklərin şahidi olacağıq. Hətta İsraillə Türkiyə arasında mövcud gərgin münasibətlər daha da kəskinləşəcək".

TurkicWorld xəbər verir ki, Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu Türkiyə XİN rəhbəri Hakan Fidanın İsrailin Qəzzada yenidən hərbi əməliyyatlara başlaya biləcəyi barədə fikirlərini şərh edərkən deyib.

Rufiz Hafizoğlu bildriib ki, Hakan Fidanın bu açıqlaması yeni deyil:

"Bundan öncə də bənzər açıqlamalar olub. Ərəb KİV-ləri səviyyəsində iddia edilir ki, Trampın ABŞ-da yenidən hakimiyyətə gəlməsi fonunda Qəzzadakı hərbi əməliyyatlar yenidən bərpa oluna bilər. Onun baş verməsi çox realdır. Hazırda əsir mübadiləsi həyata keçirilir. Onun ikinci mərhələsi müzakirə edilir. Bu baxımdan, Qəzzada yeni hərbi əməliyyatlar ona görə başlamır ki, bu əsir mübadiləsini yarımçıq qoyacaq. Bu isə öz növbəsində Netanyahu hökumətinin istefasına gətirib çıxaracaq addım ola bilər".

Həmsöhbətimiz düşünür ki, Trampın hakimiyyətə gəlməsi Netanyahunu cəsarətləndirib:

"Burada fələstinlilərin köçürülməsi məsələsi var ki, ona da ümumiərəb və Səudiyyə Ərəbistanı yanaşması da var. Ciddi rezonansa səbəb olan Qəzzanın yenidən inkişafı və burada Çin üsullu yeni şəhərlərin salınması məsələsi gündəmdədir. Tramp Qəzza əhalisinin köçürülməsini istəyir ki, ərəblər də ona qarşıdır. Bu fonda Tramp adminstrasiyası ərəb ölkələrindən alternativ tələb etdi".

Rufiz Hafizoğluna görə, bütün bunlar onu göstərir ki, regionda hadisələr bir qədər uzanacaq, vaxt alacaq:

"Məsələyə xüsusən də Əsəd rejiminin çökməsindən sonra sadəcə İsrail-Fələstin kontekstində yanaşmaq yanlış olardı. Bölgədə daha ciddi oyunlar hələ qabaqdadır. Yaxın aylarda bölgədə ciddi dəyişikliklərin baş verməsinin şahidi olacağıq. Hətta İsraillə Türkiyə arasında mövcud gərgin münasibətlər daha da kəskinləşəcək".

Qeyd edək ki, Türkiyənin XİN rəhbəri Hakan Fidan İsrailin Qəzzada yenidən hərbi əməliyyatlara başlaya biləcəyini bəyan edib. "Beynəlxalq cəmiyyət, Qəzza Zolağında atəşkəsin qalıcı olmasını təmin etmək üçün birləşməlidir. Mən HƏMAS-ın Siyasi Büro üzvləri ilə görüşdüm. HƏMAS atəşkəs razılaşmasının tələblərini heç bir tərəddüd olmadan yerinə yetirir. Lakin, İsrailin Baş naziri Benyamin Netanyahunun, israilli girovların azad edilməsindən sonra hansı mövqedə olacağı ilə bağlı bəzi suallar var. Netanyahunun döyüşləri yenidən başlatma ehtimalı hamını narahat edir", deyə Hakan Fidan qeyd edib.

Seçilən
20
turkic.world

1Mənbələr