Bakı İdman Sarayında kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, tədbirdə çıxış Gənclər və İdman Nazirliyinin Olimpiya və Paralimpiya idman növləri üzrə sektor müdiri Aydın Məmmədov çempionatın əhəmiyyətindən danışıb.
O bildirib ki, Gənclər və İdman Nazirliyi idmanın kütləviliyinin artması istiqamətində çox işlər görür: “Bu çempionatın keçirilməsində əsas məqsəd potensiallı idmançıların yarışda öz gücünü göstərməsi və yığma komandanın tərkibinin formalaşmasıdır. Hakimlərdən xahiş edirəm ki, yarışlarda ədalətliliyi qorumaq əsas prinsipləri olsun. İdmançılara isə demək istəyirəm ki, əgər sizlər bu yarışa qatılmısınızsa, deməli, artıq potensial çempionsunuz".
Azərbaycan Kamandan Oxatma Federasiyasının vitse-prezidenti Rauf Əliyev isə idmanın bu növünə marağın ildən-ilə artdığını deyib: "Çalışırıq ki, bu idman növü inkişaf eləsin. Bizdə il ərzində çempionatlar iki dəfə keçirilir. İdmançılara demək istəyirəm ki, psixoloji cəhətdən heç nədən qorxmaq lazım deyil. Siz altı ay məşq etmişiniz və sizlərə lazımi dəstəyi göstərəcəyik".
Dövlət Himninin səsləndirilməsindən sonra yarışlara start verilib.
Qeyd edək ki, birincilik və çempionatda müxtəlif bölgələrimizi təmsil edən 60-a yaxın idmançı mübarizəyə qoşulacaq. Kişi və qadın oxatanlar örtülü salonda üç yaş kateqoriyası üzrə (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) hədəfi 18 metrdən nişan alacaqlar. Turnirə fevralın 7-də yekun vurulacaq.
Aytac Sahəd
İdman.biz