Xəbər verildiyi kimi, Azərbaycan hava yollarına məxsus sərnişin təyyarəsi kənar müdaxilələrin nəticəsində qəzaya uğrayıb. Təyyarənin kim tərəfindən vurulduğu bəllidir. Buna baxmayaraq, Rusiya məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirərək əksinə, Azərbaycana qarşı hücum taktikasını seçir. Lakin Azərbaycan tərəfi yenə də Rusiya ilə dialoqa hazırdır. Şərtlərimiz və istəyimiz bəllidir. Sübut bazası formalaşır, faktlar, dəlillər toplanır və beynəlxalq məhkəməyə müraciət etmək istiqamətində hazırlıq işlər aparılır. Moskva öz günahını açıq şəkildə etiraf edib məsuliyyəti üzərinə götürməlidir. Əks halda Bakı növbəti addımlara hazırdır.
Siyasi təhlilçi Abutalıb Səmədov bildirib ki, AZAL-a məxsus təyyarənin Rusiyanın günahı səbəbindən qəzaya uğraması və bunun ardınca Moskvanın müxtəlif səviyyəli siyasət adamlarının sərgilədiyi davranış bizə bir daha qonşumuzun kimliyini aydın şəkildə göstərdi. Onun sözlərinə görə, Ukraynada baş verən hadisələr Rusiya rəhbərliyində olan şəxslərin öz məqsədlərinə çatmaq üçün hər şeyə hazır olduqlarını bir daha sübut etdi.
Siyasi təhlilçi qeyd edib ki, bununla da bir daha aydın oldu ki, Azərbaycan özünü bu dövlətdən qorumaq üçün bundan sonra da daha diqqətli, ehtiyatlı olmalı, eyni zamanda gələcək təhlükələrə hazır olmalıdır. Onun fikrincə, ən əsası ordumuzu möhkəmləndirməli, qardaş Türkiyə ilə münasibətləri bir az da sıxlaşdırmaq lazımdır. Eyni zamanda, türk dünyasının birləşməsi istiqamətində fəaliyyət davam etdirilməlidir:
“Qəza baş verib. Rusiya üzr istəyib günahkarları cəzalandırıb təzminat ödəmək əvəzinə hər vəchlə çalışır ki, özünü təmizə çıxarsın, Azərbaycan-Rusiya münasibətlərində dərin böhran yaratsın. Bu davranış davam etdikcə, münasibətlərimiz təbii ki, bir az da pisləşəcək. Rusiyanın nüfuzuna bir az da zərbə dəyəcək. Rusiya ilə münasibətlərin pozulması təbii ki, ən çox ermənilərin arzuladığı bir məsələdir. Çünki Azərbaycana qarşı bütün uğurları məhz Rusiyanın əli ilə qazanıblar. Bu gün Azərbaycan-Rusiya münasibətlərinin normal olması ermənilərin maraqlarına cavab vermir. Ancaq biz də müəyyən həddə qədər çalışa bilərik. Əgər belə ağır qəza hadisəsindən sonra Rusiya hakimiyyəti özünü bu cür aparırsa, ona adekvat reaksiya verilməlidir.
Hər halda ilkin rəy artıq dərc olunub, yekun rəyi gözləyirik. Ümid edək ki, bu arada Rusiyada bir müdrik adam tapılar və münasibətlərimizin bundan sonra zərər çəkməməsi üçün atılacaq addımları Rusiya hakimiyyətinə izah edər”.