AZ

USAID-in bağlanması dünyada nəyi dəyişəcək?

Yazını böyüt
Yazını kiçilt

Bildiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gələr-gəlməz xarici yardımın dayandırılması barədə sərəncam imzalayıb. Yəni bütün ölkələrdə, o cümlədən Azərbaycanda adı yaxşı tanınan Beynəlxalq İnkişaf Agentliyi - USAID-də islahatlara start verildi. Demirəm bağlandı, çünki Tramp əvvəl belə bir addım atacağını desə də, sonra həmin agentliyin rəhbərliyini dəyişəcəyini, bir sıra yeniliklər olunacağını bəyanladı. Hər halda, Dövlət Deportamenti yanvarın 27-də nazirlik və USAİD tərəfindən maliyyələşdirilən bütün xarici yardımların dayandırıldığını elan etdi. Maraqlıdır, Trampın bu addımı dünyada fərqli yardım proqramlarına dəstəyin dayandırılmasına səbəb ola bilərmi?

Hafta.az olaraq bu məsələni bir neçə rakursdan aydınlaşdırmağa çalışaq:

USAID nədir və necə maliyyələşdirilir?

USAID 1961-ci ildə Demokratlar Partiyasından dövlət başçısı seçilmiş prezident Con Kennedi tərəfindən xarici yardımı daha yaxşı əlaqələndirmək üçün yaradılıb.

“Soyuq müharibə” dövründə Sovet İttifaqının təsirinə qarşı bir addım olaraq qurulan təşkilat ABŞ Konqresi tərəfindən maliyyələşdirilir. Konqresin Tədqiqat Xidmətinin (CRS) bu ay açıqladığı hesabata görə, ABŞ-ın xarici yardımının təxminən 60 faizi USAİD vasitəsilə həyata keçirilir.

USAID-də çalışan, təxminən, 10 min nəfərin üçdə ikisi xarici ölkələrdə çalışır. Proqram vasitəsilə 130 ölkəyə yardım edilib.

ABŞ yardım xərclərinə nə qədər maliyyə ayırır?

2023-cü maliyyə ilində Birləşmiş Ştatlar dünya üzrə ümumilikdə 72 milyard dollar yardım göstərib. Bunun təqribən 43,80 milyard dolları məhz USAİD-in büdcəsinə daxildir.

ABŞ 2024-cü ildə BMT-nin izlədiyi bütün humanitar yardımın təxminən 42 faizini təmin edib. Bu fondlar münaqişə zonalarında qadınların sağlamlığından tutmuş təmiz suya çıxışa, HİV/QİÇS-ə qarşı müalicələrə, enerji təhlükəsizliyinə və korrupsiyaya qarşı mübarizəyə qədər hər şeyi əhatə edir.

Yardımın böyük hissəsi Asiya, Sub-Sahara Afrikası və Avropa ölkələrinə gedir. Bu xərclərdə Ukraynaya yardımın da böyük payı var. Suriyada İŞİD yaraqlılarının saxlandığı düşərgələrə də yardım məhz USAİD vasitəsilə göndərilir.

Digər ölkələrlə müqayisədə dünyada ən çox rəsmi dövlət yardımını ABŞ verir. Bununla belə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2020-ci ildə açıqladığı rəqəmlərə görə, ABŞ-ın ümumi daxili məhsula (ÜDM) töhfəsi zəngin ölkələrin siyahısında sonuncu yerdədir.

Trampla Mask niyə USAID-i bağlamaq istəyirlər?

Tramp uzun müddətdir ki, USAİD-in özünün “öncə Amerika” siyasəti çərçivəsində işinə qarşı çıxıb. Xərclərin azaldılması çərçivəsində proqramın bağlanması lazım olduğunu iddia edən respublikaçı lider, həmçinin USAID-in “radikal dəlilər” tərəfindən idarə edildiyini bildirir.

Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask, hətta iddia edir ki, USAID “milyonlarla insanın ölümünə səbəb olan COVİD-19 epidemiyası kimi bioloji silah tədqiqatlarını maliyyələşdirir”.

Mask, həmçinin ötən həftə “cinayətkar təşkilat” olaraq xarakterizə etdiyi USAİD menecerləri ilə yaşadığı problemlərə görə işçilərin “inzibati məzuniyyətə” verildiyini və agentliyin sosial media hesablarının bağlandığını açıqlayıb.

USAID-in taleyi necə olacaq?

Dövlət katibi Marko Rubio USAİD-in direktoru vəzifəsini icra etməyə başladığını bəyan edib. Qurumda köklü dəyişiklik olacağına işarə edən nazir açıqlamasında deyib: “USAID-in bir çox funksiyaları davam edəcək və Amerikanın xarici siyasətinin bir hissəsi olacaq, lakin bu funksiyalar siyasətlərə uyğun olmalıdır”.

“Wall Street Journal”ın məlumatına görə, Rubio USAID-in müəyyən hissələrini Dövlət Departamentinə daxil etməyi planlaşdırır. Nazirin bu prosesdə Konqreslə işləməyi hədəflədiyi yazılır.

Bu da qeyd olunur ki, Rubionun planları Tramp və Maskın USAİD-in bağlanması ilə bağlı çağırışlarına uyğun gəlmir. Prezidentin imzaladığı sərəncama əsasən, agentliyin fəaliyyətinə yenidən baxılması üçün 90 gün vaxt verilib. Bunun sonunda USAİD-lə bağlı yekun qərarın veriləcəyi gözlənilir.

Dünyanı gözləyən problemlər

Dövlət Departamenti bütün xarici yardımların dayandırılması qərarını xaricdəki diplomatik nümayəndələrə və nazirliyin digər əməkdaşlarına çatdırsa da, təcili ərzaq yardımı proqramlarına istisnalar təqdim edib. Bu addımın mənfi təsirləri bütün dünyada hiss olunur.

“Wall Street Journal” (WSJ) xəbər verir ki, Somalidə terrorla mübarizə təlimləri, Uqandada HİV müalicəsi, Kolumbiyada qeyri-qanuni narkotik ticarətinə qarşı mübarizə və Myanmadakı qaçqınların protezlə təmin edilməsi kimi müxtəlif proqramlar risk altındadır.

Sudan fondunun 47 faizinin, Demokratik Konqoya ayrılan pulun isə təxminən 70 faizinin Vaşinqtondan gəldiyi vurğulanıb.

ABŞ-nin maliyyələşdirdiyi yardım təşkilatlarının Suriyada 40 min insanın yaşadığı əl-Hol düşərgəsində qida, su və təmizlik xidmətlərini dayandırmalı olduğu bildirilib.

Yardım təşkilatları vurğulayır ki, bu qərar körpələr üçün peyvəndlər və malyariyadan qoruyan ağcaqanad torları kimi həyat qurtaran ləvazimatların belə paylanmasının qarşısını alır.

Uqandada 1,43 milyon insanın HİV-lə yaşadığını bildirən səlahiyyətlilər, proqnozlara görə, ABŞ-ın indiki dayandırılmış proqramlarının 2030-cu ilə qədər 190 min insanın bu xəstəliyə yoluxmasının qarşısını alacağını bildirib.

İndi Amerika rəsmiləri Çin kimi rəqib aktyorların Vaşinqtonun boşaltdığı sahələri doldura biləcəyinə diqqət çəkirlər.

Tramp administrasiyasının rəsmiləri vurğulayırlar ki, bu prosesdə yardımın təsiri və yeni administrasiyanın xarici siyasətinə uyğunluğu qiymətləndiriləcək. Yardımın ayrı-ayrılıqda qiymətləndirilib təsdiqlənə və sonra yenidən hərəkətə keçə biləcəyi ifadə edilir...

Xatırladaq ki, USAİD əvvəllər Azərbaycanda da fəaliyyət göstərirdi. Təşkilatın ölkəmizin daxili işlərinə kobud müdaxiləsi səbəbindən rəsmi Bakını onunla əlaqələri kəsdi və təbii ki, USAİD Azərbaycanı tərk etdi.

Seçilən
35
hafta.az

1Mənbələr