Əfqanıstanla İran arasında su ehtiyatları böhranına səbəb olan Kamal Xan bəndi istifadəyə verilib.
Hafta.az-ın yazdığına görə, Nimruz əyalətinin İran sərhədinə yaxın bölgəsində Hilmənd çayı üzərində tikilən bəndin İrana axan çayın suyunun azalmasına səbəb olacağı bildirilir.
Əfqanıstanın Su və Energetika Nazirliyindən verilən açıqlamada, “Su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatının inkişafı və enerji istehsalında mühüm rolu sayəsində Kamal Xan bəndinin Əfqanıstanın iqtisadi sabitliyi və tərəqqisi üçün mühüm addım kimi qiymətləndirilir” ifadəsi işlədilib. Nazirlik vurğulayıb ki, bu bəndin açılması “yerli əhaliyə kənd təsərrüfatı, suvarma və elektrik enerjisi istehsalında rahatlıq yaradacaq”.
Əfqanıstan ərazisindən axaraq İran sərhədini keçən çayın su ehtiyatları uzun illərdir ki, iki ölkə arasında problemlər yaradır. 1974-cü ildə tikintisinə başlanan Kamal Xan bəndi İranla yaşanan gərginlik və ölkədəki müharibə səbəbindən tamamlana bilməyib.
ABŞ-ın işğalı zamanı Kabil administrasiyası 2021-ci ildə bəndi tamamlamadan açılış etdi, lakin bənd istifadəyə verilmədi.
Bildirilib ki, son vaxtlar Hilmənd çayı ilə İrana axan su xeyli azaldığından İran tərəfində su qıtlığı yaranıb. Əfqanıstan administrasiyası quraqlıq səbəbindən bölgədəki çaylarda suyun miqdarının azaldığını bildirib və bunun İrana göndərilən suyun azalmasına səbəb olduğunu vurğulayıb.
Son illər iki ölkə arasında su böhranından yaranan gərginlik səbəbindən münaqişələr baş verib.