AZ

"Ford"un IV rüb nəticələri gözləntiləri üstələdi - Hesabat

"Ford" (F) IV rüb üzrə gəlir və mənfəət göstəricilərinin proqnozları üstələdiyini açıqlayıb. Şirkətin illik mənfəəti gözləntilərdən bir qədər yüksək olsa da, 2025-ci il üçün ehtiyatlı gəlir proqnozu verilib.

Valyuta.Az "Yahoo Finance"a istinadən xəbər verir ki, "Ford" 2025-ci il üzrə faiz və vergilərdən əvvəlki tənzimlənmiş mənfəətini ("EBIT") 7,0 – 8,5 milyard $, tənzimlənmiş sərbəst pul axınını isə 3,5 milyard – 4,5 milyard $ aralığında proqnozlaşdırır. Şirkət qeyd edib ki, bu proqnoz bazar amilləri, o cümlədən qiymət siyasəti ilə bağlı çətinlikləri nəzərə alır, lakin potensial elektromobil ("EV") vergi güzəştlərinin ləğvi və ya tariflər kimi siyasət dəyişikliklərini əhatə etmir. "Ford"un maliyyə direktoru Şerri Haus jurnalistlərlə söhbətində bildirib ki, idxal tariflərinin 25%-ə qaldırılması "sektor üçün böyük təsir yaradacaq".  

Müqayisə üçün, "Ford" 2024-cü ildə 185 milyard $ gəlir və 5,9 milyard $ xalis mənfəətlə 10,2 milyard $ tənzimlənmiş "EBIT" açıqlayıb. Ötən rübdə şirkət 2024-cü il üçün bu göstəricinin təxminən 10 milyard $ olacağını proqnozlaşdırmışdı.  

Bu açıqlamalardan sonra "Ford"un səhmləri birjada saat sonrası ticarətdə 4% ucuzlaşıb.  

Şirkət, 2025-ci ilin I rübündə tənzimlənmiş "EBIT"in "təxminən sıfır balansda" olacağını gözlədiyini bildirib. Bunun əsas səbəbi kimi satışların azalması və əlverişsiz məhsul çeşidi, o cümlədən ABŞ-də yeni modellərin istehsalına başlanması göstərilir.  

"2025-ci ildə biz iki əsas istiqamətimizdə – keyfiyyət və xərclərin azaldılması sahələrində ciddi irəliləyiş əldə edəcəyik. Biz 'Ford+' transformasiyasının əsas mərhələsinə daxil oluruq", – deyə şirkətin baş direktoru Cim Farli maliyyə hesabatında bildirib. "Biz bu əsas mənfəət amillərinə nəzarət edirik və bütün maraqlı tərəflər üçün uzunmüddətli dəyər yaratmaq istiqamətində doğru yolda olduğumuza inanıram".  

Maliyyə direktoru Şerri Haus əlavə edib ki, "Ford" 2025-ci ildə 1 milyard $ dəyərində xərclərin optimallaşdırılmasını planlaşdırır.  

Dördüncü rüb göstəriciləri  

Şirkət IV rübdə 48,2 milyard $ gəlir əldə edib. Bu, proqnozlaşdırılan 43,01 milyard $dan və əvvəlki rübdə qeydə alınan 46,2 milyard $-dan yüksəkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə isə bu göstərici 5 % artıb.  

Tənzimlənmiş hər səhm üzrə mənfəət ("EPS") 0,39 $ olub ki, bu da gözlənilən 0,32 $-dan yüksəkdir. Tənzimlənmiş EBIT isə 2,1 milyard $ təşkil edib.  

"Ford+" strategiyasının bir hissəsi olaraq, şirkət öz fəaliyyətini üç bölməyə ayırıb: 
 
- "Ford Blue" (daxiliyanma mühərrikli avtomobillər) – 27,3 milyard $ gəlir, 1,581 milyard $ "EBIT" 

- "Model e" (elektromobil biznesi) – 1,4 milyard $ gəlir, -1,389 milyard $ "EBIT"  

- "Ford Pro" (kommersiya və yük avtomobilləri) – 16,2 milyard $ gəlir, 1,629 milyard $ "EBIT"  

"Ford" bildirib ki, "Model e" bölməsi 2024-cü ili 5,1 milyard $ "EBIT" zərəri ilə tamamlayıb və bu zərərin 2025-ci ildə də eyni səviyyədə qalacağı gözlənilir. Şerri Haus qeyd edib ki, bu proqnoz elektromobil istehsalının artmasını nəzərdə tutur və 2024-cü ilin III və IV rüblərində göstəricilərdə irəliləyiş müşahidə edilib. Bununla belə, "Ford"un sədr müavini Con Loler bildirib ki, "Model e" bölməsi il ərzində tədarük artımı və qeyri-sabit tələbat səbəbindən "gəlir təzyiqi" ilə üzləşəcək.  

Müqayisə üçün, "Wolfe Research" təxmin edir ki, "General Motors" ("GM") elektromobil biznesində 2024-cü ildə 5 milyard $ "EBIT" itkisi verib və 2025-ci il üçün bu göstəricinin 4,25 milyard $ olacağını proqnozlaşdırır. "GM" elektromobil bölməsinin ayrı-ayrı maliyyə nəticələrini açıqlamır.  

Satış göstəriciləri və tariflər mövzusu  

"Ford" yanvar ayında ABŞ-da IV rüb satışlarının illik müqayisədə 8,8 % artdığını açıqlayıb. Bu artımda "F-Series" modellərinin 21,1 % yüksəlməsi mühüm rol oynayıb. Ümumilikdə isə şirkət 2024-cü ildə ABŞ-da 2,079 milyon avtomobil satışı ilə 4,2% artım qeydə alıb.  

"Ford"un hibrid və tam elektriklə işləyən avtomobillərdən ibarət "elektrifikasiyalı" seqmenti 2024-cü ildə 38 % artaraq 285,291 ədəd satılıb. Bu göstəricidə hibrid modellər əsas paya sahib olub – onların satışları 40 % artaraq 187,426 ədədə çatıb. Xüsusilə "Maverick" hibrid pikapı bu satışların üçdə birini təşkil edib.  

Şirkətin baş direktoru Cim Farli ABŞ-nin martın 1-dən etibarən Kanada və Meksikadan idxal edilən avtomobillərə tarif tətbiq edəcəyini xatırladaraq, uzunmüddətli tariflərin "dağıdıcı təsir göstərəcəyini" vurğulayıb.  

Farli, bəzi avtomobil istehsalçılarının tarif ödəmədiyi mövcud sistemin ədalətsiz olduğunu qeyd edib: "Mənə məntiqli gəlməyən məqam budur ki, niyə biz bu müzakirəni aparırıq, amma 'Hyundai-Kia' 600,000 avtomobili ABŞ-yə əlavə tarifsiz idxal edir? Niyə 'Toyota' yarım milyon avtomobili heç bir əlavə tarif olmadan bazara çıxarır?" O, əgər yeni tarif siyasəti tətbiq ediləcəksə, bunun bütün sənaye üçün əhatəli və ədalətli olmalı olduğunu vurğulayıb.  

Rəhim

Seçilən
7
valyuta.az

1Mənbələr