AZ

Ermənistanda növbədənkənar seçki iddiası: Paşinyanın yeni manevri, yoxsa sülhün addım səsləri?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkisi növbədənkənar ola bilər. Hakim Vətəndaş Sazişi partiyası bu iddianı istisna etmir. Maraqlı məqam odur ki, Paşinyan bir müddət əvvəl Ermənistan konstitusiyasının da məhz seçkidən sonra dəyişəcəyini bildirmişdi. Həmçinin erməni baş nazir Vaşinqtona səfəri çərçivəsində qatıldığı müzakirələrdə Ermənistanın Azərbaycanla delimitasiya olunmuş sərhəd hissələrində Avropa İttifaqının müşahidə missiyasını yerləşdirməməyə hazır olduğunu deyib. Bu gedişat konstitusiyanın daha tez dəyişəcəyini gündəmə gətirsə də, söhbət hakimiyyətdən getdiyi üçün Paşinyanın növbəti ikili oyununun tərkib hissəsi də ola bilər. Bəs bu iddialar reallığa nə qədər yaxındır? Paşinyan tezliklə Ermənistan konstitusiyasını dəyişə və bu, sülh sazişi üçün irəliləyişə səbəb ola bilərmi?
Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, bu məsələ təsadüfən ortaya atılmayıb:
"Çünki bu, Ermənistanın təkbaşına qərarı olmayacaq. Bu, regiondakı vəziyyətlə bağlı şərtlərdən, Azərbaycanla mümkün sülh sazişinin qalan iki maddəsinin həlli ilə bağlı irəliləyişdən, Ermənistan-Türkiyə münasibətlərindəki hər hansı bir dinamikanın olub-olmamasından və ən nəhayət, Avropa İttifaqı ilə münasibətlərdə Ermənistanın əldə edib-etməyəcəyi irəliləyişlərdən asılı olacaq. Mümkündür ki, yeni parlament seçkisi paralel olaraq həm də referendum ilə müşaiyət olunsun, ya da parlament seçkisindən dərhal sonra referendum keçirilsin".
"Məlumdur ki, Ermənistanla Azərbaycan və Ermənistanla Türkiyə arasında uzunmüddətli daimi sülhün əldə olunmasının yolu Ermənistan konstitusiyasının dəyişilməsindən keçir. Paşinyan bu seçkiləri yalnız və yalnız Avropa İttifaqı ilə münasibətlərdə yeni bir mərhələyə nail ola biləcəyi halda keçirə bilər. Eyni zamanda, Ermənistan konstitusiyasına dəyişiklik məsələsi də yalnız Avropa İttifaqına daxil olmaqla bağlı keçirilən birgə referendumla müsbət nəticə verə bilər. Ona görə də düşünürəm ki, bütün bu nüanslar Paşinyan komandası tərəfindən zərgər dəqiqliyi ilə hesablanmalıdır. Bu prosesdə qələbə faizi yuxarı olarsa, Paşinyan belə bir addım atacaq. Əks təqdirdə, Paşinyan bilir ki, seçki və referendumla bağlı məqsədlərini tamamilə, birdəfəlik itirə bilər", - deyə deputat vurğulayıb.
Qeyd edək ki, Ermənistanda parlament seçkisi sonuncu dəfə növbədənkənar olmaqla 2021-ci il iyunun 20-də keçirilib.
Mərahim Nəsib
Seçilən
9
1
oxu.az

3Mənbələr