Ümumdünya Qızıl Şurasının 2024-cü il hesabatına görə, qlobal mərkəzi bankların qızıl ehtiyatlarının artması tendensiyası dayanmadan davam edir. Xüsusilə iqtisadi qeyri-müəyyənliklər və inflyasiyaya qarşı etibarlı "sığınacaq" axtarışları qızıla olan marağı daha da artırıb.
Bəs ən çox qızılı hansı ölkələrin mərkəzi bankları alıb?
Marja CNN Türk-ə istinadən xəbər verir ki, 2024-cü ildə ən çox qızıl almış ölkə mərkəzi bankları açıqlanıb. Azərbaycan Mərkəzi Bankı reytinqdə 5-ci yerdədir.
2024-cü ildə qızıl ehtiyatlarını ən çox artıran 10 ölkə və onların ümumi ehtiyatları aşağıdakılardır:
1. Polşa: 90 ton olmaqla 2024-cü ilin ən böyük qızıl alıcısı olub. Ümumi qızıl ehtiyatını 448 tona çatdırıb.
2. Türkiyə: 75 ton qızıl alaraq ehtiyatını 528 tona çatdırıb.
3. Hindistan: 73 ton qızıl alıb, ümumi ehtiyatı 876 tona çatıb.
4. Çin: 44 ton qızıl alması ilə diqqət çəkib, ümumi ehtiyatı 2280 tona çatıb.
5. Azərbaycan 25 ton qızıl alıb və qızıl ehtiyatını gücləndirib.
6. Çexiya: 20 ton qızıl alaraq ehtiyatını üç dəfə artırıb.
7. İraq: 20 ton qızıl alıb və ehtiyatını artırmağa davam edib.
8. Macarıstan: 16 ton qızıl alaraq qızıl ehtiyatını 110 tona çatdırıb.
9. Qana və Özbəkistan: hər biri 11 ton qızıl alıb.
10. Qətər: Ehtiyatına 10 ton qızıl əlavə edib.
Ümumdünya Qızıl Şurasının EMEA üzrə baş analitiki Krişan Qopaul sosial media yazısında qeyd edib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin son rübündə 20 ton qızıl alıb və bununla da 2024-cü il üçün qızıl alışını 45 tona çatdırıb.
“2024-cü ilin sonunda ümumi qızıl ehtiyatları 147 ton təşkil edib ki, bu da onun investisiya portfelinin 21%-ni təşkil edir (2023-cü ilin sonunda bu göstərici 12% idi),” Gopaul bildirib.