AZ

Ermənistanla Türkiyə arasında sərhədlərin açılması sülh müqaviləsinin bağlanmasına ciddi təhdid yarada bilər - Deputat

Deputat Razi Nurullayev bildirib ki, Ermənistanla Türkiyə arasında sərhədlərin açılması üçün ilk növbədə sülh müqaviləsi bağlamalıdır.

"Ermənistanın Azərbaycanla və Türkiyə ilə sərhədləri açması Ermənistanın iqtisadiyyatının inkişafı deməkdir".

Bu sözləri Operativ Media-ya deputat Razi Nurullayev bildirib.

Millət vəkili qeyd edib ki, Ermənistan quru və dəniz cəhətdən bağlı bir ölkədir:

“Paşinyanın Türkiyə ilə münasibətləri düzəltmək istəməsi təbii haldır. Çünki hazırda Ermənistan hər tərəfdən sərhədləri bağlı olan bir ölkədir. Ermənistanın kənar ölkələrə çıxışı məhduddur. Cəmi 40 km-lik İranla dağlıq ərazidə bir sərhəddi var. Bir də Gürcüstan üzərindən Rusiyaya çıxışı var. Amma Rusiyaya çıxışı olan həmin yol qışda keçilməz olur. Qar uçqunu, sürüşmələr və digər təsirlər nəticəsində bu yol demək olar ki, qış aylarında bağlı olur. Buna görə də hazırda Ermənistan quru və dəniz cəhətdən bağlı bir ölkədir.

Ermənistanın Azərbaycanla və Türkiyə ilə sərhədləri açması Ermənistanın iqtisadiyyatının inkişafı deməkdir. Türkiyə bu günə qədər Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması səbəbindən Ermənistanla sərhədlərini açmırdı. Lakin indi Azərbaycanla sülh danışıqları davam etsə də, bu proses müəyyən mənada dalana dirənib. Belə bir vəziyyətdə Ermənistan ən azından Türkiyə ilə sərhədlərini açmaq istəyir. Sərhədlərin açılması təbii ki, Ermənistanın Rusiyadan və Azərbaycandan asılılığını azaldacaq. Ermənistana müəyyən bir vaxt qazandıracaq”.

Deputat qeyd edib ki, Türkiyə sərhədlərinin açılması, Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün müəyyən mənada arxayınlıq yarada bilər.

“Azərbaycanın tələbi və əsas gözləntisi budur ki, Ermənistan və Türkiyə arasında sərhədlər açılmasın. Sərhədlərin açılması, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə qədər bağlı olmalıdır. Hazırda Ermənistan ciddi cəhdlər göstərir ki, Türkiyə ilə sərhədlər açılsın. Yəqin ki, bunun hələlik ən asan yolu diplomatik pasportu olan və üçüncü ölkənin şəxsləri üçün sərhədlərin açılmasıdır. 

Türkiyə sərhədlərinin açılması Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün müəyyən mənada arxayınlıq yarada bilər. Bu isə sülh müqaviləsinin təhlükə altına düşməsinə səbəb ola bilər. Ermənistanın iddiaları arta və ritorikası dəyişə bilər. Bu baxımdan, Ermənistanla Türkiyə arasında sərhədlərin açılması Azərbaycanla sülh müqaviləsinin bağlanmasına ciddi təhdid yarada bilər”.

Politoloq Məhəmməd Əsədullazadə isə  bildirib ki, Türkiyə də Ermənistanla sərhədin açılmasına maraqlıdır: “Tərəflər arasında intensiv dialoq gedir. Ermənistan tərəfinin atacağı addımlar var. Konstitusiyasında dəyişikliklər olmalıdır. Ermənistan Türkiyəyə qarşı ərazi iddialarını da geri çəkməlidir. Azərbaycanla sülh bağlamalıdır. Zəngəzur dəhlizini açmalıdır. Çünki bu dəhliz Türkiyənin geosiyasi maraqlarına uyğun gəlir.

Türkiyə Zəngəzur dəhlizinin üzərində dayanır çünki dəhliz açılarsa, əlbəttə ki, Türkiyə ilə Ermənistan əlaqələri normallaşacaq və sərhədlər açılacaq. Ermənistan Türkiyə vasitəsilə Avropaya quru çıxışı əldə etməyə çalışır. Çünki Ermənistanın yalnız Gürcüstanla sərhəddi var və bu da Avropaya gedən yeganə quru yoludur. Yalnız Türkiyə ilə əlaqələr normallaşarsa Ermənistan iqtisadi inkişafa nail ola bilər. Eyni zamanda, Rusiya orbitindən tamamilə çıxa bilər. Buna görə də Ermənistanın Baş naziri Nikol Paşinyan, Ermənistan və Türkiyə əlaqələrini normallaşdırmağa can atır. Amma buna görə, ilk növbədə Azərbaycanla sülh müqaviləsi bağlamalıdır. Türkiyə Ermənistandan bunu tələb edir. Hazırda proses davam edir. İl ərzində bir neçə məsələ həllini taparsa Türkiyə-Ermənistan sərhədi açıla bilər. Bu da Azərbaycan sülh prosesinə mühüm töhfə verə bilər".

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin quru sərhədlərinin açılması ilə bağlı Türkiyə ilə dialoqu davam etdirəcəyini bildirib:

O, bildirib ki, Türkiyə ilə ünsiyyət üçün heç bir maneə yoxdur və iki ölkə daim əlaqə saxlayır.

 

Seçilən
32
2
operativmedia.az

3Mənbələr