Donald Trampın tətbiq etdiyi sanksiyalar qlobal bazarlara və inkişaf etməkdə olan ölkələrin valyutalarına mənfi təsir edib.

Bəs bu qlobal proseslər Azərbaycan manatına necə təsir göstərəcək?

İndex.az məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc ilə əlaqə saxladı.

Ekspertin sözlərinə görə, Donald Tramp Amerikaya qızıl dövrünü yaşatmaq fikrindədir.

“Müşahidəçilər belə bir fikir söyləyirlər ki, Donald Tramp Amerikaya qızıl dövrünü yaşadacaq. Bu sözdə həm real, həm də məcazi məna var. Belə ki, real məna dedikdə Trampın həm siyasi addımları, həm də iqtisadi cəhətdən yeritdiyi siyasət başa düşülür. Trampın iqtisadi və siyasi addımları ABŞ-ın mövqelərinin güclənməsinə və bu günə qədər, xüsusi ilə son 10 ildə itirilmiş mövqelərin geri qaytarılmasına hesablanıb. Yəni Meksika, Kanadaya və Çinə tətbiq olunan sanksiyalar əslində daxili istehsalı stimullaşdırmaq xarakteri daşıyır”.

Vüqar Oruc bu proseslərin Azərbaycan manatına təsir etməyəcəyini söyləyib:

“Təsəvvür edin ki, 1960-cı illə 2000-ci illər arasında ABŞ dolları öz dəyərini 10 dəfə itirib. Başqa sözlə desək alıcılıq imkanları məhdudlaşıb. Bu tarixən davam edən bir şeydir. Ona görə də, müəyyən dövrlərdə bir çox dövlətlər devalvasiya siyasəti aparırlar. Bu siyasət pulun rəqəmlərini sıradan çıxarır və yeni ölçü sistemi tətbiq edir. Amma hal-hazırda Azərbaycanda manatın bu proseslərdən təsirlənəcəyini iddia etmək bir qədər çətindir. Çünki Azərbaycan manatının dəyəri sərbəst şəkildə müəyyən olunmur. Belə ki, onun kursu tənzimlənir və inzibati qaydada müəyyən edilən formada həll olunur. Yəni, bizim manat üzən məzənnəyə keçməyib. Bu isə Azərbaycan iqtisadiyyatı üçün olduqca risklidir. Ona görə də, stabil kursla manatın məzənnəsi ABŞ dolları və avroya uyğun olaraq saxlanılır. Əgər sərbəst kurs tətbiq olunsa, yəni üzən məzənnəyə keçsək, dünyadakı bütün proseslər, o cümlədən ABŞ-da qızılın və dolların bahalaşması birbaşa olaraq Azərbaycan manatını da təsir edəcək. Çünki bütün valyutaların arxasında həm həmin ölkənin istehsal gücü, həm də qızıl dayanır. Amma hal-hazırda mən manatın üzən məzənnəyə keçəcəyini düşünmürəm”.

Ekspert buna baxmayaraq, qiymət artımlarının olacağını qeyd etdi:

“Artıq son bir ildə ölkəmizdə 5-15% arasında qiymət artımları müşahidə edilir. Düzdür, bu rəsmi statistika deyil, lakin bazarda baş vermiş dəyişiklər artımın olduğunu göstərir. Ən azı yanvar-fevral aylarında qiymət artımları olacaq. Mart ayında isə qiymət artımlarının növbəti dalğası gözlənilir. Bu bahalaşma isə manatın alıcılıq qabiliyyətinə təsir edəcək. Amma bu artımlar dalğavari olduğuna görə, bir müddət sonra qiymətlər öz əvvəlki həddinə geri qayıdacaq. Bütün hallarda il boyu manatın alıcılıq qabiliyyətində aşağı düşmə tendensiyası davam edəcək. Təbii ki, bu iqtisadiyyatın böyüməsi ilə də bağlıdır. İqtisadiyyat böyüdükcə pul kütləsi artır, pul kütləsi artdıqca inflyasiya baş verir və manatın alıcılıq qabiliyyətində qeyd etdiyim dəyişikliklər qeydə alınır”.

Vüqar Oruc son olaraq qızılın bahalaşmasına da toxunub:

“Qızılın bahalaşmasına gəlincə isə qızılın bir unsiyasının dəyəri 3 min dolları ötə bilər. Çünki iqtisadi və siyasi cəhətdən qarışıq olan bütün dövrlər milli valyutanın dəyərdən düşdüyü və qızılın bahalaşdığı dövr kimi xarakterizə edilir. Eyni zamanda qızılın bahalaşması ilə bərabər ABŞ-ın yeritdiyi siyasət sayəsində ABŞ dolları da əvvəlki mövqelərini bərpa edə bilər”.