AZ

Neymar 12 il sonra “Santos”da oynadı, azarkeşlərə səsləndi

Paulista çempionatının “Botafoqo” ilə ev oyunu (1:1) “Santos”un braziliyalı ulduz hücumçusu Neymar üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, braziliyalı futbolçu 12 illik fasilədən sonra ilk dəfə olaraq “balıqlar”ın heyətində meydana çıxıb.

“Ney” ikinci hissədə meydana daxil olub, amma məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Oyundan sonra Neymar özünün “X” sosial şəbəkə hesabı üzərindən “Santos”un heyətində meydana qayıdışı ilə bağlı təəssüratını duyğulsalcasına paylaşıb:

“Nəticədə nə qədər pis olsa da, bu gün xüsusi bir gün idi. Sona qədər məhəbbətiniz və dəstəyiniz üçün hamınıza təşəkkür edirəm. İndi azarkeşlərimizin dəstəyinə həmişəkindən daha çox ehtiyacımız var… çünki biz sizinlə daha güclüyük!

Mən qayıdışımdan şad və çox həyəcanlıyam, mən bütün səylərimi ortaya qoyacağam, çünki “Santos”u layiq olduğu yerə – zirvəyə gətirməliyəm! Haydı, komanda, haydı, millət… birlikdə biz yenilməzik, inanın!”

Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə müqaviləsinə xitam vermiş Neymar cari ilin iyun ayının sonuna qədər müddətə “Santos”la müqavilə imzalayıb.

Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə “balıqlar”ın əsas komandasında çıxış edib. O, bu müddət ərzində “Santos”un heyətində 225 oyuna çıxıb, 136 qol və 64 məhsuldar ötürmə ilə fərqlənib.

Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib və “blauqrana”nı öz istəyi ilə tərk edərək, PSJ-yə keçib. Bu, hələ də futbol tarixini ən bahalı keçidi olaraq qalmaqdadır – 222 milyon avro məbləğində əməliyyat.

“Ney” “blauqrana”nın heyətində 186 oyuna çıxıb, 105 qol vurub, 76 məhsuldar ötürmə verib. Braziliyalı ulduz “Barselona” ilə İspaniya La Liqasının (2 dəfə), İspaniya Kubokunun (3 dəfə), İspaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Neymar PSJ-də də 6 il keçirdikdən sonra 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Amma zədələrdən qurtula bilməyən təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində cəmi 7 oyuna çıxıb, 1 qol və 3 assistlə yadda qalıb.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

Seçilən
1
2
arena.az

10Mənbələr