AZ

Vüqar Rəhimzadə: Rusiya faktları inkar etməklə ədalətdən nə qədər uzaq olduğunu nümayiş etdirir

Təsdiqlənmiş faktlar Azərbaycanın beynəlxalq məhkəməyə müraciət etməsini şərtləndirir

Ötən il dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə uçuş həyata keçirən AZAL-a məxsus təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı. Pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirə bildi. Nəticədə 29 nəfərin həyatını xilas etmək mümkün oldu.  Azərbaycan və Qazaxıstanın tərəfdar olduqları 1944-cü il Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinə əsasən, hadisənin ərazisində baş verdiyi dövlət kimi Qazaxıstan hadisə ilə bağlı araşdırmaya başladı. Azərbaycan hava gəmisinin istismarçısı, habelə mülkiyyətçisi olan ölkə statusu ilə  araşdırmanın bütün mərhələlərində, o cümlədən hadisə yerinə baxışın həyata keçirilməsi və faktların qeydiyyatı məqsədilə foto və videogörüntülərin təmin edilməsi, hava gəmisinin “qara qutu”larında olan məlumatların Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində oxunması prosesində iştirak etdi, əlavə məlumat və sübutların toplanmasını  həyata keçirdi.

Dövlət başçısı İlham Əliyev istər Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirdiyi müşavirədə, istərsə də Azərbaycan Televiziyasına müsahibəsində   təyyarənin qəzaya uğraması ilə bağlı ilkin versiyalardan geniş bəhs edərək bildirdi ki, qəzanın təfərrüatları tam araşdırılacaq. Bu məqam da xüsusi qeyd edildi ki, Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada Azərbaycana təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Prezident İlham Əliyev bildirdi ki, biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra Azərbaycan  Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydi, bəlkə də buna etiraz etməzdi. Amma gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, bu günlərdə Qazaxıstan Nəqliyyat Nazirliyi təyyarənin qəzaya uğraması ilə bağlı ilkin hesabatı açıqladı. Hesabatda qeyd olunur ki, hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə video qeydiyyata alınıb. Həmin zədələr hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub. Hesabatda oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmayıb. Burada sadalanan faktların təsdiqi ilə bağlı olan foto, habelə audio və rəqəmsal qeydiyyat vasitələrindən çıxarışlar ilkin hesabatın mətnində verilib.  İlkin hesabat qəzanın  necə və hansı səbəbdən baş verməsi barədə dolğun məlumat versə də,  Rusiya tərəfi yenə də  hadisəyə qərəzli yanaşmasını dayandırmır.

İlkin hesabatdan aydın olur ki, sərnişin təyyarəsi Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində GPS siqnallarının itməsi halı ilə üzləşib. Təbii ki, hesabatda əksini tapan bu məqamları, reallıqları təkrar diqqətə çatdırmaqda məqsədimiz budur ki, ilkin nəticələr ortada olduğu, faktlar təyyarənin Rusiya hava məkanında vurulmasını təsdiq etdiyi halda qarşı tərəf yenə də  məsələni ört-basdır etmək, məsuliyyəti təyyarə heyətinin üzərinə atmaq istəyir.

Vüqar Rəhimzadə vurğulayıb ki, hesabatın da təsdiqlədiyi kimi, Azərbaycan təyyarəsi Qroznı üzərində atəşə məruz qalıb, ardıcıl bir neçə atəş açılıb, hava gəmisinin əsas idarəetmə sistemləri 05:13:32-də sıradan çıxıb, əlaqələndirici dispetçer isə “Kover” əməliyyatı barədə Qroznıya 8 dəqiqə sonra - 05:21:42-də məlumat verib. Buradan aydın olur ki, Azərbaycan tərəfinin və təyyarə ekipajının “Kover” əməliyyatından xəbəri ola bilməzdi. Bu da onu göstərir ki, Rusiya tərəfi məsələni öz maraqlarına uyğun şəkildə təqdim etməyə  çalışıb.  Azərbaycan tərəfində təyyarədən çıxarılan  “Pantsir-S” raketinin bir parçasının olduğu və bunun beynəlxalq ekspertizanın köməyi ilə müəyyən edildiyi də unudulmamalıdır. Faktların dili ilə açıqlanan belə bir hesabatı öz maraqlarının arxasında gizlətməyə çalışan, həqiqətə ədalətin gözü ilə baxmağa cəsarət etməyən Rusiya tərəfi inkar yolunu tutmaqla daha çox sualların yaranmasına rəvac verir.

Milli Məclisin deputatı qeyd edib ki, Rusiya tərəfi bununla “Malayziya Boing-2” təyyarəsi ilə bağlı vəziyyəti yaratmaq niyyəti güdür. Xatırladaq ki, 2014-cü ilin iyulunda Amsterdamdan Kuala-Lumpura uçan, "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boinq-777" təyyarəsi Ukraynanın cənub-şərq hissəsində vurulmuş, təyyarənin göyərtəsində olan 298 nəfər həlak olmuşdu. Təyyarənin Rusiya tərəfindən işğal olunmuş Donbasın hava məkanında, məhz Rusiyaya aid silahla vurulması təsdiqlənsə də, Moskva bu günə qədər də məsuliyyəti öz üzərinə götürmür, əsassız yerə Ukraynanı günahlandırır. Rusiya rəsmilərinin, ekspertlərinin və mətbuatının AZAL-ın təyyarəsi ilə bağlı addımları onların eyni taktikanı seçdiyini söyləməyə əsas verir. Unutmayaq ki, daim ədalətin yanında olan Azərbaycan tam aydın olmayan məsələlər aydınlaşmadan bu barədə fikir söyləməyib.

Vüqar Rəhimzadə onu da bildirib ki, kənar obyektlərin təsirindən danışarkən vurğulamaq yerinə düşər ki, hazırda Çeçenistanın paytaxtı Qroznının Xankala qəsəbəsində yerləşən hərbi hissədə hadisə ilə bağlı istintaq davam edir. Azərbaycan təyyarəsinə atəşin məhz bu hərbi hissənin ərazisindən açıldığına dair məlumatlar var. Əvvəldə də qeyd etdiyimiz kimi,  Azərbaycan tərəfinə atəşin hansı silahdan açıldığı da məlumdur.  Hesabatda bütün faktlar öz əksini tapıb. Azərbaycanın şərtləri, nə istədiyi bəllidir və bunlar ali səviyyədə də elan edilib.

Seçilən
1
4
demokrat.az

10Mənbələr