İrəvanın mərkəzində Cənubi Azərbaycandan olan bir qrupun Azərbaycan dilində “Qarabağ” mahnısını oxuması İranın Ermənistandakı səfiri Mehdi Sobhanini çətin duruma salıb.
“AzPolitika” xəbər verir ki, çox zaman ermənidən betər ermənipərəstlik etməsilə tanınan səfir erməni mətbuatına açıqlamasında hadisəni “malalamağa” çalışıb: “Yalan narrativlər, təhdidlər və şübhəli videoların yaradılması iki ölkə arasında möhkəm münasibətlərə xələl gətirə, aramızda fikir ayrılığı və şübhələr yarada bilməz”.
Onun sözlərinə görə, qarşılıqlı diplomatik səfərlər və qarşılıqlı anlaşma düşmənlərin(?) iki ölkə arasında münasibətlərdə şübhə və ya anlaşılmazlıq yaratmasına imkan verməyib.
Xatırladaq ki, yanvarın 30-da erməni sosial şəbəkə istifadəçiləri İrəvanın mərkəzi meydanında bir qrup kişinin Azərbaycan dilində yüksək səslə “Qarabağ” mahnısını oxumasını əks etdirən video paylaşıblar. Ermənistan hökuməti məsələyə aydınlıq gətirərək, videonun dekabrın sonlarında çəkildiyini və həmin şəxslərin İran vətəndaşı olan azərbaycanlılar olduğunu bildirib.
“AzPolitika.info”