Bakı, 6 fevral, AZƏRTAC
Bu ilin sentyabr ayında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində dahi Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin anadan olmasının 140 illik yubileyinə həsr olunan “Azərbaycan mədəni düşüncəsində yeniləşmənin baniləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, konfrans “Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin Azərbaycan milli mədəniyyəti və milli düşüncəsinə təsir üfüqləri”, “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev yaradıcılığı Azərbaycan ədəbiyyatı və publisistikası müstəvisində”, “Azərbaycan musiqi elmi və Üzeyir Hacıbəylinin musiqişünaslıq baxışları”, “Azərbaycan epistolyar irsi və Üzeyir Hacıbəyli, Müslüm Maqomayev məktubları”, “Milli folklor yaradıcılıq mənbəyi kimi”, “XX əsrin əvvəllərinin Azərbaycan mətbuatı və Üzeyir Hacıbəyli, Müslüm Maqomayev yaradıcılığı” bölmələri üzrə keçiriləcək.
Konfrans üçün məqalələri iyulun 1-dək təqdim etmək olar.