AZ

Rusiya təyyarəmizin vurulması məsuliyyətindən yayınmağa hələ də can atır...

Image

Məlum olduğu kimi, AZAL təyyarəsi ötən il dekabrın 25-də Bakı-Qroznı aviareysini yerinə yetirərkən yerə düşüb, 38 nəfər həlak olub. Azərbaycan rəsmiləri baş verən hadisəyə  görə Rusiyanın məsuliyyət daşıdığını bildiriblər, amma bunun məqsədli törədilmədiyini açıqlayıblar. Bakı Rusiyadan fakta görə məsuliyyətinin etirafını, günahkarların cəzalandırılmasını və kompensasiya tələb edir.

Rusiya prezidenti Vladimir Putin fakta  görə üzrxahlıq etsə də, baş verənlərə görə ölkəsinin məsuliyyət daşıdığını etiraf etmir. Halbuki, hadisə  ilə bağlı ilkin hesabat da tamam fərqli mənzərəni üzə çıxarır. Xatırladaq ki, Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin vurulmasının ilkin hesabatını dərc edib. Hesabat 53 səhifədən ibarətdir. Sənəddə təyyarənin hidravlik sistem bölməsindən, stabilizator idarəetmə mexanizmindən və digər hissələrindən çıxarılan kənar metal obyektlərin, habelə təyyarənin zədələnmiş hissələrinin fotoları və bort qeydedicisinin yazıları da yer alıb. Hesabatda qeyd olunub: “Qorunub saxlanılan fraqmentlərin ilkin müayinəsi nəticəsində təyyarənin quyruq hissəsində, şaquli stabilizatorda və üfüqi stabilizatorda, sükan və istiqamət sükanlarında müxtəlifölçülü və formalı çoxsaylı deşik və qeyri-deşik zədələr aşkarlanıb. Oxşar zədələr hava gəmisinin sol mühərrikində və sol qanadında, həmçinin hava gəmisinin aqreqat və komponentlərində də aşkar edilib. Bəzi yerlərdə zədələr düzgün düzbucaqlı formaya malikdir”. Hesabatda təyyarədə müxtəlif kənar elementlərin tapıldığı bildirilib. Lakin sənəddə bu elementlərin nədən qaynaqlandığı açıqlanmayıb, onun mənşəyinin müəyyən edilməsi üçün ekspertizanın keçiriləcəyi vurğulanıb: “Salamat qalan fraqmentlərə ilkin baxış zamanı füzelyajın quyruq hissəsində, stabilizatorda, istiqamət və yüksəklik sükanında çoxlu sayda müxtəlif ölçülü, formalı zədə aşkar edilib”. Sənədə görə, həmçinin, təyyarənin qəzaya düşməzdən əvvəl hidravlik sistemlərinin bir qisminin sıradan çıxdığı müəyyən edilib. Buna təyyarəyə daxil olan xarici obyektin səbəb olduğu güman edilir. Onun stabilizator idarəetməsinin naqillərini də zədələdiyi təxmin edilir. “Rosaviasiya” - Rusiya Federal Hava Nəqliyyatı Agentliyi  bildirir ki, AZAL-ın “Embraer 190” sərnişin təyyarəsinin qəzasının təhqiqatına dair Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc etdiyi hesabat ilkin xarakter daşıyır. Məlumatda qeyd olunub ki, hesabat insidentin səbəbləri ilə bağlı hər hansı nəticəni ehtiva etmir. Qurum əlavə edib ki, Təhqiqat Komissiyanın işi davam edəcək və baş verənlərlə bağlı nəticələr yekun hesabatda təqdim olunacaq.

“Rosaviasiya” ilkin hesabata istinadən daha sonra da bəyan edir: “Təyyarə xarici təsir nəticəsində zədələnib. Lakin hesabatda təyyarədə yad obyektlərin identifikasiya olunduğu deyilmir. Rusiya Federasiyasının da indiyədək belə bir imkanı olmayıb, çünki bu elementlər ekspertiza üçün ona verilməyib”. Qurum onu da bildirir ki, təyyarə ekipajı Rusiya dispetçerlərinin təklif etdiyi və təyyarələri qəbul etməyə texniki cəhətdən hazır olan alternativ hava limanları - Mahaçqala və Mineralnıye Vodını seçməyib. Açıqlamada ekipajın müstəqil olaraq Aktaunu eniş aerodorumu kimi seçdiyi vurğulanır. Hesabatdan göründüyü kimi, Azərbaycan təyyarəsi Qroznı üzərində atəşə məruz qalıb, ardıcıl bir neçə atəş açılıb, hava gəmisinin əsas idarəetmə sistemləri sıradan çıxıb, əlaqələndirici dispetçer isə “Kovyor” əməliyyatı barədə Qroznıya 8 dəqiqə sonra məlumat verib. Burdan aydın olur ki, Azərbaycan tərəfinin və təyyarə ekipajının “Kovyor” əməliyyatından xəbəri ola bilməzdi. Bu da onu göstərir ki, Rusiya tərəfi məsələni gizlətmək istəyib. Beləliklə, Rusiya yenə məsuliyyətdən yayınır. Rusiyanın indiki halda yeganə yolu üzr istəmək, günahkarların cəzalandırılması və zərərçəkənlərə təzminat ödənilməsi olmalıdır. Doğrudur, Rusiya lideri səviyyəsində üzr istənilib, ancaq günahkarların tapılması və təzminat məsuliyyətindən yayınmağa çalışdığı açıq-aşkardır. Təbii ki, prosesin bu istiqamətdə davam etməsi Rusiyaya yaxşı heç nə vəd etmir. Çünki Azərbaycanın əlində dəlil-sübutlar var və istənilən müstəvidə milli maraqlarını qorumaq imkanına və cəsarətinə sahibdir. Bu arada “Reuters” də öz mənbələrinə əsasən bir daha məlumat yayıb ki, Qazaxıstanda qəzaya uğrayan "Azərbaycan Hava Yollarına" məxsus təyyarə Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Xəbərdə, ilkin məlumatlara görə, təyyarənin Rusiyanın “Pantsir-S” zenit-raket sistemi tərəfindən vurulduğu deyilir: “Heç kim bunun qəsdən edildiyini iddia etmir. Lakin müəyyən edilmiş faktları nəzərə alaraq, Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsini vurduğunu etiraf etməsini gözləyir”. Bu qədər fakt, sübut və dəlillər ortada olduğu halda Rusiyanın məsələni başqa istiqamətə yönəltmək niyyəti, günahı ekipajın üzərinə atmaq cəhdləri yalnız təəssüf doğurur. Amma Azərbaycan da mövqeyində qətidir: günahkarlar mütləq cəzasına çatmalıdır.

Tahir TAĞIYEV





Seçilən
43
baki-xeber.com

1Mənbələr