AZ

Vurulmuş təyyarəmizlə bağlı ilk hesabata Rusiyadan reaksiyalar beynəlxalq məhkəməni qaçılmaz etdi...

Image

“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” sərnişin təyyarəsinin dekabrın 25-də Rusiya hava məkanında vurulması faktına Rusiya tərəfinin mövqeyi qənaətbəxş deyil. Rusiyanın məsuliyyətdən qaçması, hələ də obyektiv bir yanaşma göstərməməsi göz qabağındadır. Təyyarəni vurmaqlarına baxmayaraq lazımı addımları atmırlar, yayınırlar, qərəzli mövqe göstərirlər. 

Hadisə ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyi ilkin hesabat açıqlayıb, Rusiya tərəfi bu hesabatla bağlı hələ heç bir açıqlama verməyib. Rusiya rəsmən məsuliyyətini etiraf edib lazımı addımları atmaq əvəzinə hadisəyə qərəzli yanaşır, bununla bağlı əsassız fikirlər söyləyirlər.  

Məlumatlara görə, Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır. Sübut bazası formalaşır, faktlar, dəlillər toplanır və beynəlxalq məhkəməyə müraciət etmək istiqamətində hazırlıq işlər aparılır.

Beynəlxalq məhkəməyə müraciət nə kimi perspektivlər vəd edir? 

Azərbaycan Beynəlxalq Mülki Aviasiya üzrə Çikaqo Konvensiyasının üzvüdür. Rusiya bu davranışı ilə Çikaqo Konvensiyasının tələblərini açıq-aşkar pozub. Beynəlxalq məhkəmədə Rusiyanın məsuliyyəti hansı ittiham maddələri, müddəaları ilə müəyyənləşəcək? 

Sahil Kərimli: “Bu proses baş verərsə, beynəlxalq məhkəmə onun günahını bir daha sübut edərək belə qərar verərsə, Rusiyanın hansı çıxılmaz durumda olacağını təsəvvür etmək çətin deyil”

Politoloq Sahil Kərimli “Bakı-Xəbər”ə “təyyarə qəzası ilə bağlı ilkin hesabatda Rusiyanın günahı sübut olunsa da, təəssüf ki, Rusiya tərəfin yenə də dirəniş göstərməsi, məsələni daha da qəlizləşdirməsi, Rusiya mətbuatında Azərbaycana qarşı qərəzli kampaniyanın daha da sürətlənməsi bu ölkənin günahını boynuna alıb Azərbaycanın şərtləri ilə razılaşmaq fikrində olmadığını deməyə əsas verir. Bu da, əlbəttə, çox böyük təəssüf hissi doğurur. Ən azından ona görə ki, Azərbaycan daim Rusiyaya münasibətdə xoşniyyətli və xoşməramlı siyasət yürüdüb. Biz mehriban qonşuluq və hətta müttəfiqlik münasibətləri səviyyəsinə qədər gəlib çıxmışıq. Amma bu gün Rusiya özünü çox təəssüf ki, adekvat aparmır, mehriban qonşu, dost və müttəfiq kimi hiss etdirmir və Azərbaycana qarşı bu cür haqsız-ədalətsiz, qərəzli mövqe nümayiş etdirir. Faktlar və sübutlar açıq-aydın ortadadır. İlkin hesabatda da görünür ki, Azərbaycan təyyarəsi kənar müdaxiləyə məruz qalıb, Rusiya hərbiçiləri tərəfindən vurulub və bundan sonra böyük insan tələfatı və faciə ilə nəticələnən qəza baş verib. Biz “qara qutu”dan əldə olunan intervala diqqət yetirsək hər şeyi aydın görə bilərik. Yəni Azərbaycan təyyarəsi eniş etmək imkanına malik olmayıb geri qayıdandan sonra bir neçə dəqiqəlik intervalla bir neçə dəfə təyyarəyə müdaxilə olunub, partlayış baş verib. Bütün bu detallar ilk hesabatda göstərilir. Amma təəssüf ki, Rusiya tərəfi bu cür anlaşılmaz və hiddət doğuran reaksiyalar verməkdə davam edir. Bütün bunlar Azərbaycanı beynəlxalq məhkəməyə müraciət etmək məcburiyyətində qoyur. Böyük ehtimalla, Azərbaycan dövləti tezliklə  bu istiqamətdə müəyyən addımlar atacaq. Bu gün Azərbaycan Rusiya ilə dialoqa bütün qapılarını açıb. Azərbaycan həm siyasi, həm də istintaq orqanlarının qarşılıqlı əməkdaşlığı baxımından bütün şəraiti yaradıb. Bu istiqamətdə Rusiya təəssüf ki, dialoqa gəlmək və öz günahını açıq şəkildə etiraf edib məsuliyyəti üzərinə götürmək istəmir. Əsas məsələ bundan ibarətdir. 

Hesab edirəm ki, Azərbaycan beynəlxalq məhkəməyə müraciət etmək haqqını özündə saxlayır və bu faktları, dəlilləri, sübutları topladıqdan sonra Azərbaycan  beynəlxalq məhkəməyə müraciət edək. Hiss olunur ki, bu yöndə də hazırlıq işləri həyata keçirilir. Bu proses baş verərsə, beynəlxalq məhkəmə onun günahını bir daha sübut edərək belə qərar verərsə, Rusiyanın hansı çıxılmaz durumda olacağını təsəvvür etmək çətin deyil. Hesab edirəm ki, Rusiya nə qədər gec deyil, öz qərarını verməlidir. Yaxşı düşünməlidir və ilk növbədə Azərbaycana qarşı bu qərəzli kampaniyadan əl çəkməlidir, Bakı ilə dialoqa getməlidir, günahkarlar ciddi şəkildə cəzalandırılmalıdır”. 

S.Kərimli qeyd etdi ki, baş verən bütün bu proseslər, xoşagəlməz hadisələr Azərbaycan dövlətində və Azərbaycan ictimaiyyətində böyük hiddətlə, təəssüflə qarşılanır. O hesab edir ki, Rusiya tərəfi iş beynəlxalq məhkəməyə getmədən düzgün qərar verməlidir.

S.Kərimli bildirdi ki, Rusiya göstərdiyi mövqe ilə beynəlxalq konvensiyaların şərtlərini də pozub: “Rusiya tutduğu yanlış mövqe ilə beynəlxalq konvensiyaların tələblərini pozub və buna görə də, ayrıca maddələr, müddəalar var ki, onlar əsasında ittiham oluna bilər. Ona görə də, hesab edirəm ki, Rusiya tərəfi ləngimədən bizim tələb etdiyimiz addımları atmalıdır”. 

Şəmsəddin Əliyev: “Beynəlxalq məhkəmədə Rusiyaya qarşı hansı maddələr üzrə işin qaldırılacağı...”

Hüquqşünas Şəmsəddin Əliyev də “Bakı-Xəbər”ə bildirdi ki, məsələ beynəlxalq aviasiya hüquqları prinsipləri baxımından qəlizləşib. Ş.Əliyevin sözlərinə görə, ortada təyyarəmizin vurulmasını təsdiqləyən kifayət qədər mütəxəssis rəyləri var və bu rəylər də təsdiqləyir ki, təyyarəyə kənardan müdaxilə olunub, təyyarə vurulub. “Təyyarə səmtinə atılan başlıq partlayıb və onun qəlpələri təyyarəyə kifayət qədər ziyan vurub, nəticədə də təyyarə

öz uçuz zolağını itirib Qazaxıstan ərazisinə eniş etmək məcburiyyətində qalıb. Bununla bağlı möcuzə nəticəsində sağ qalmış şahidlərin ifadələri də var. Beynəlxalq Hava Hüququnun prinsiplərinə görə, bizim öz hava məkanımız üzərində sərbəst uçmağımız suverenliyimizdir. Bu həm də beynəlxalq hava hüququnun prinsiplərindən biridir. Bu prinsipə görə, hər bir dövlət öz hava məkanında beynəlxalq uçuşların həyata keçirilməsinə icazə verir, hətta lazım gələrsə, bu uçişlar üçün qadağan zonaları təyin edir. Radio rabitə və uçuşların təhlükəsizliyinin təmin olunması ilə bağlı qaydalar müəyyən edir. AZAL-a məxsus Bakı-Qroznı reysi ilə uçan təyyarə düzgün səmtdə olub. Bizim təyyarə, Çikaqo Konvensiyası da daxil olmaqla, heç beynəlxalq hava hüququnun qaydalarını pozmayıb. Faktiki olaraq, əlimizdə kifayət qədər əsaslar olması və Rusiya tərəfin bu şəkildə  susub hər hansı bir açıqlama verməməsi, özünü günahkar saymaması kimin nə deməsindən, hansı açıqlama verməsindən asılı olmayaraq belə qənaətə gəlməyə şərait yaradır ki, bu cinayət qəsdən törədilib. Burda “hadisə ehtiyatsızlıq üzündən baş verib” nəticəsinə gələ bilmərik. Nə Qroznı, nə Rusiya tərəfi, mütəxəssislər əvvəlcədən xəbərdarlıq etməmişdilər ki, o hava hücumu olur və Azərbaycan təyyarəsi üçün təhlükə baş verə bilər. Yəni təhlükə barədə xəbərdarlıq edilməli idi ki, bizim təyyarəmiz ora uçuş həyata keçirməsin. Amma bunu demədilər. Təyyarənin Azərbaycana məxsus olması onlara məlum olub. İndi suallar yaranır və o suallara cavab verilməlidir. 

Birinci, AZAL-a məxsus təyyarə Qroznıda niyə vuruldu? Buna göstərişi, tapşırığı, qanunsuz əmri kim verib? Bunlar, qeyri-leqal olsa da, Azərbaycan tərəfinə bəllidir. Amma rəsmi açıqlamalar yoxdur. Ortada ciddi istintaq araşdırmaları var. Azərbaycan-Qazaxıstan birgə istitaq qrupu fəaliyyət göstərir, ortada kifayət qədər dəlillər var.

Bizim tam ixtiyarımız var ki, baş vermiş hadisə ilə bağlı beynəlxalq məhkəıməyə müraciət edək. Bu prosesin nəticəsinin nə olacağını indidən demək çox çətindir. Bu gün dünyada   beynəlxalq təşkilatlara, beynəlxalq məhkəmələrə inam və etibar kifayət qədər azallıb”.

Ş.Əliyev bildirdi ki, Azərbaycan bu barədə beynəlxalq məhkəməyə müraciət etməlidir. “Orda tərəflər iştirak edəcək. Düşünürəm ki, bu məhkəmənin Azərbaycanın xeyrinə müsbət nəticəsi olacaq. Çünki bu gün reallıqda Rusiyaya münasibət hansı səviyyədədir, bunu bilirik. Qərbin, beynəlxalq aləmin Rusiyaya qarşı münasibəti imkan verə bilər ki, beynəlxalq məhkəmə Azərbaycanın xeyrinə qərar çıxarsın. Rusiyaya olan münasibət Azərbaycana məhkəmədə üstünlüyə malik olmaq imkanları verə bilər. Amma beynəlxalq məhkəmədə Rusiyaya qarşı hansı maddələr üzrə işin qaldırılacağı barədə nəsə demək çətindir. Bu, Azərbaycan tərəfin müraciətindən sonra bilinəcək” - deyə Ş.Əliyev bildirdi.

İradə SARIYEVA





Seçilən
32
34
baki-xeber.com

10Mənbələr