AZ

Paşinyan Qərbin kartını açdı- qonşularla yaxşı olmağımızı onlar istəmir...

Image

Ermənistan Amerıka və Avropaya yalvarmaqdansa qonşuları ilə kompromisə getməlidir

Ermənistanın baş naziri Amerika səfəri boyunca xeyli maraqlı açıqlamaları ilə yadda qaldı. Düzü, biz gözləyirdik, Amerika erməniləri Paşinyanı Vaşinqtonda daş-qalaq edəcəklər ki, sən kimsən, bizim "böyük ermənistan", "erməni soyqırımı", "dənizdən dənizə ermənistan" və s. kimi erməni icmasının "beynini yuyan" ideyalarımızı alt-üst edəsən?! 

Amma deyəsən, Amerıka erməniləri də Nikolu anlayışla qarşıladılar. Hətta ABŞ Konqresində əsasən erməni lobbisinin maliyyələşdirdiyi Beynəlxalq Dini Etiqad Azadlığı Sammitində onun çıxışını da təşkil ediblər.

Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Atlantik Şuranın iclasında deyib ki, qonşu ölkələrlə malik olduqları sərhəddən yalnız İran və Gürcüstanla sərhədləri açıqdır: "Bu iki ölkə ilə münasibətlər bizim üçün çox əhəmiyyətlidir. İrəvanın İran və Gürcüstanla dərin əməkdaşlığı və əlaqələri var. Biz münasibətləri möhkəmləndirmək istəyirik”. 

Qonşularla və bölgə ölkələri ilə əlaqələrin genişləndirilməsini İrəvanın prioriteti adlandıran Paşinyan bildirib ki, “beynəlxalq vəziyyət bəzi qonşularla münasibətlərin dərinləşməsinə mane olub”. 

Ermənistanın baş naziri qeyd edib ki, “İrəvan Türkiyə və Azərbaycanla münasibətlərdə yeni səhifə açmaq istəyir və Bakı ilə sülh sazişi layihəsinin 17 maddəsinin 15-i artıq razılaşdırılıb”.

Nikol Paşinyanın bir qədər üstüörtülü işarə sayıla biləcək “beynəlxalq vəziyyət bəzi qonşularla münasibətlərin dərinləşməsinə mane olub” ifadəsinin altında çox ciddi mətləblər yatır.

Belə ki, bu gün erməni baş nazirin də vurğuladığı sülh sazişinin razılaşdırıla bilməyən iki maddəsi məhz elə beynəlxalq durumla - Paşinyanın ifadəsində işarə etdiyi məsələ ilə bağlıdır. Rəsmi Bakının irəli sürdüyü şərtlərdən biri ondan birətdir ki, Azərbaycan-Ermənistan şərti sərhədində üçüncü dövlətin hərbi varlığı olmamalıdır. Lakin artıq iki ildir ki, Avropa İttifaqının dünyanın hər yerindən təmsil olunan "yarımhərbi" müşahidə missiyası Azərbaycan-Ermənistan şərti sərhədində fəaliyyət göstərir. Amma əslində bu müşahidə missiyasının 209 nəfərlik tərkibi hərbiçilərdən ibarətdir və şərti sərhəddə hərbi kəşfiyyat tədbirləri həyata keçirirlər.

Ermənistan bununla da kifayətlənmir, Aİ missiyasını ölkədən çıxarmaq əvəzinə, hələ Amerika sərhədçilərini də şərti sərhəddə yerləşdirməyi planlaşdırır. Bununla bağlı ABŞ və Ermənistan arasında bu il yanvarın 14-də tərəfdaşlıq Xartıyası imzalanıb. Bir neçə gün öncə ABŞ dövlət Departamentinin sözçüsü bəyan etdi ki, Amerika sərhədçiləri Ermənistana səfərə hazırlıqlar görür.

Sülh müqaviləsinin razılaşdırılmayan digər maddəsi isə Ermənistanın ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı Bakının təklifi ilə razılaşmamasıdır. İrəvan havadarlarının tələblərini daha həvəslə yerinə yetirir, nəinki Bakının.

Ermənistan hakimiyyəti hələ də anlamır ki, onunla sülh müqaviləsi bağlayacaq tərəf Azərbaycandır, Avropa və Amerika deyil. Son beş ildə baş verənlər təsdiq etdi ki, ən real yol ikitərəfli razılaşma yoludur. Amma yenə Ermənistan düşünür ki, hansısa məqamda Azərbaycan onunla Amerıka və Avropanın təzyiqi ilə daha sərfəli şərtlərlə sülh müqaviləsi bağlayacaq. Bu mümkün deyil, həmin qüvvələrin yeganə məqsədi Ermənistana vədlər verməklə, ərazisindan platforma kimi istifadə edərək Cənubi Qafqazda mövqe tutmaqdır. Amerika və Avropanın Ermənistanda yerləşməsi, hərbi mövcudluğunun təmin edilməsi isə "yeni Ukrayna cəbhəsi"nin açılma təhlükəsini aktuallaşdırır. Bu isə Ermənistan dövlətini xəritədən silə bilən bir prosesə çevriləcək.

Odur ki, Ermənistan rəhbərinin qonşularla bağlı gileyi əsassızdir. Hər şey Ermənistan hökumətinin öz əlindədir. İndi konstitusiyaya dəyişikliklərə hazırlaşdıqlarından da asan prosedurlarla sülh sazişinin qalan iki maddəsini razılaşdıra və daha iki qonşu ilə münasibətləri normallaşdıra bilər. Bu isə Ermənistanın, erməni icmasının inkişaf perspektivinə möhkəm bir təminat ola bilər.

Akif NƏSİRLİ





Seçilən
55
baki-xeber.com

1Mənbələr