5 fevral 2025-ci il tarixində “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçılarının təşəbbüsü və Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə daun sindromlu uşaqlarla görüş keçirilib.
Publika.az xəbər verir ki, “Qayğı - Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəznində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində baş tutan görüşdə “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində iştirak edən və QDF-in donorları olan SOCAR, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, “Caspian Entertainment Company” şirkəti, UMİCO Market və “CBC Sport” televiziya kanalının nümayəndələri, daun sindromlu uşaqlar və onların valideynləri iştirak ediblər.
Mərkəzdə təhsil alan uşaqlar musiqi sədaları altında rəqs ediblər, onlar üçün müxtəlif əyləncəli proqramlar nümayiş olunub.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və turnirdə iştirak edən şirkətlərin nümayəndələri “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin iştirakçıları adından uşaqlara hədiyyələr təqdim edib, xatirə şəkli çəkdiriblər.
Tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə yerləşən məktəblər üçün də hədiyyələrin alınması ilə bağlı təşəbbüs irəli sürülüb və yaxın gələcəkdə bu təşəbbüsün həyata keçirilməsi planlaşdırılır.
Tədbirdə qeyd olunub ki, torpaqlarımıza dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir. Bugünkü tədbirin keçirilməsində də başlıca məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərməklə yanaşı, QDF-in donorları arasında həmrəyliyin və birliyin təşviq edilməsidir.