ABŞ-ın Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq bildirib ki, ABŞ prezidenti Donald Tramp münaqişənin həlli üzrə danışıqlara başlamazdan əvvəl Ukraynada “qan tökülməsini dayandırmaq” istəyir.
Kelloqun sözlərinə görə, bunun üçün ABŞ prezidenti Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır. Eyni zamanda, xüsusi nümayəndə qeyd edib ki, Donald Tramp başa düşür ki, həm Kiyev, həm də Moskva münaqişəyə son qoymaq üçün güzəştə getməli olacaqlar.
“Prezident əvvəlcə qan tökülməsini dayandırmaq istəyir – sadəcə onu dayandırmaq – və sonra gələcək danışıqları buna əsaslandırmaq istəyir”, – Keyt Kelloq deyib. Onun sözlərinə görə, ABŞ-ın Rusiyaya iqtisadi təzyiqi “kifayət qədər ağrılı olduğunu sübut etməyib”. Ona görə də o qeyd edib ki, Vaşinqton Rusiyanın enerji sektoruna qarşı əvvəllər tətbiq edilmiş məhdudiyyətləri gücləndirmək imkanını nəzərdən keçirir. “Həqiqətən, sanksiyaları, xüsusən də son məhdudiyyətləri (neft hasilatı və ixracına qarşı yönəldilib) gücləndirmək olardı. Bu, nəsə etmək üçün geniş imkanlar açır”, – ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi əlavə edib.
//Samir Qurbanov, Editor.az