ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Kremlə yaxın oliqarxları hədəfə alan “KleptoCapture” işçi qrupunu rəsmən ləğv edib.
Turkustan.az xəbər verir ki, Co Baydenin administrasiyası altında yaradılan bu işçi qrupu rus oliqarxların aktivlərini ələ keçirməklə Kremlin maliyyə gücünü sarsıtmaq məqsədi daşıyırdı. Lakin Tramp administrasiyası “Rusiyaya məxsus vasitəçiləri hədəf alan ittihamların sürətində kəskin azalma” olacağını açıqlayıb. Dəbdəbəli yaxtalar, korporativ səhmlər və əvvəllər işçi qrupu tərəfindən ələ keçirilən milyardlarla dollarlıq aktivlərlə bağlı qeyri-müəyyənlik davam edərkən, ekspertlər bu qərardan sonra rus milyarderlərinin rahat nəfəs alacağını proqnozlaşdırırlar.
Moskva administrasiyası və Rusiya mediası bu qərarı “ABŞ-dən iqtisadi təzyiqləri azaltmaq üçün siqnal” kimi qiymətləndirib. Rusiya KİV-ləri, xüsusən də “Russia Today” və “İzvestiya” iddia edib ki, Trampın bu addımı Vaşinqtonun Moskva ilə münasibətləri yaxşılaşdırmaq niyyətini göstərir.
ABŞ-dəki bu qərardan sonra milyarder investor Corc Sorosun oğlu Aleks Sorosun Ağ Evdəki təsiri yenidən gündəmə gəlib. Rusiyaya qarşı sanksiyalara qarşı çıxan bəzi respublikaçılar demokratların Soros kimi donorlara güvənməsini tənqid edərək, ABŞ administrasiyasında seçilməmiş elitaların getdikcə daha çox nüfuz sahibi olduğu fikrini irəli sürüblər.
Xüsusilə ABŞ-nin mühafizəkar mediası demokratların Vaşinqtondakı maliyyə və siyasi elita ilə münasibətlərini tənqid edir, onları “kölgə hökuməti” kimi qələmə verir. Senator Çak Şumerin Trampın ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) bağlamaq qərarına reaksiyası bu müzakirələri daha da qızışdırıbş
Demokratların Tramp administrasiyasının oliqarxlara təzyiqləri yumşaltmasını sərt tənqid etməsi Rusiya və ABŞ mediasında ikili standartlar kimi şərh edilib. Tənqidçilər “Respublikaçıların bizneslə əlaqələrini tənqid edərkən Soros kimi milyarderlərdən siyasi maliyyə almağı demokratların ikiüzlülük olduğunu” söyləyiblər. /AzPolitika/