AZ

Dövlət Komitəsi vətəndaşı infarkt edib? - VİDEO

Ürəyinə stend qoyulan Münasib Şirinov Baş Prokurorluğa üz tutdu.

2020-ci ilin oktyabr ayında Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda raket atəşinə tutulması  zamanı evləri dağılan vətəndaşlar şikayət edirlər.

Bu barədə Oxu24.com-a bir grup Gəncə şəhər sakini müraciətlərində bildiriblər.

Müraciət edən şəxslərin narazılığı hücum nəticəsində onlara məxsus dağıdılmış mülklərin bu günə qədər təmir və bərpa olunmaması, dəymiş ziyanın ödənilməməsi və bu prosesləri həyata keçirilməsinə məsul şəxslərin işlərinə səhlənkar yanaşmasındandır. Əsas məqam  şikayət  edən  vətəndaşları   aldadaraq onlara  ağ  kağıza qol çəkdirilməsi məsələsidir. Bu addımlar hansı məqsədlə və kimlər tərəfindən atılıb?

Həmin vətəndaşlardan biri də Gəncə şəhəri,Cavadxan qəsəbə sakini Münasib Şirinovdur.Onun sözlərinə görə,erməni terroru nəticəsində ailəsinə məxsus evdə,həyətyanı sahədə və tikililərdə dağıntılar qeydə alınsa da,bu günə qədər bərpa olunmayıb.

“Hadisədən 5 ilə yaxın vaxt keçir.Dövlət tərəfindən bizə ayrılmış vəsaiti bizə vermirlər. Mənim evimə ciddi ziyan dəyib. Ev hazırda qəzalı vəziyyətdədir.Rəsmi qurumlara bir neçə dəfə ərizə ilə müraciət etdim.Şikayətlərdən sonra  Gəncədə təmir işləri ilə məşğul olan podratçı şirkətin nümayəndəsi Adil bəy evimizə gəldi.Onun göstərişi ilə evin bir hissəsinə lambirin vuruldu.Bununla da onların bizə gördüyü iş yükunlaşdı.Dövlət tərəfindən bizə ayrılmış pulların hara getdiyini bilmirik.Mənə ağ kağıza qol çəkdirdilər ki, bu lambirinin vurulmasına görədir.Mən də inanıb,ağ kağızı imzaladım. Daha sonra məlum oldu ki, məni aldadıb,qol çəkdiriblər.”,-deyə sakin bildirib.

 

Münasib Şirinovun sözlərinə görə,qarşılaşdığı problemlə bağlı Dövlət Şəhərsalma  və  Arxitektura Komitəsinə bir neçə dəfə müraciət  edib, mötəbər şəxslərin  qəbullarında  olub. Buna  baxmayaraq iş  müşkilə çevrilib, problem  həllini  tapmayıb.

 

“İşlərin düzgün getmədiyini gördükdən sonra Bakıya, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə şikayətə gəldim. Burada işlərin həyata keçirilməsinə rəhbərlik  edən Vasif  adlı əməkdaşla görüşdüm. O, hər dəfə  məni  aldatmağa,get-gələ salmağa başladı. Təsəvvür  edin ki,mənzilin  sahibi  mən olduğum halda,mənzilə aidiyyatı olmayan,heç bir qeydiyyatı olmayan,mülkiyyət hüququ çatmayan şəxslər haqda vaxtı uzatmaq üçün  müxtəlif,gərəksiz  sənədləri məndən tələb edirdi. Bununla o məni get-gələ salaraq bir növ yormaq istəyirdi ki,bezib  bu məsələdən əl çəkim. Buradan rəhbərlikdə oturanlara sual verirəm: Mənzinin sahibi mənəm,qeydiyyat mənə və ailə üzblərimə məxsusdur.Atamın,qardaşlarımın,digər qohumlarımın bu mənzildə nə qeydiyyatı var, nə də payları.Belə olan halda mənə ödəniləcək məbləğin verilməsi zamanı niyə onlardan razılıq sənədi tələb olunur? Bu,özbaşnalıq deyilmi?”,- deyə  Münasib  Şirinov  bildirib.

 

Münasib Şirinovun sözlərinə görə, ardıcıl şikayətlərdən sonra komissiya təşkil olunub. Smeta çıxarılıb və ona 40 min manat məbləğində kompensassiya ödəniləcəyi deyilib. Bu haqda ondan ərizə də istənilib. Buna baxmayaraq həmin məbləğ bu günə qədər ödənilməyib.

 

 

“Şikayətlərdən sonra Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" DBLİ tərəfindən layihə-smeta sənədləri hazırlandı.Həmin smeta sənədi məndən gizlədilirdi.Tam təsadüf nəticəsində sənəd əlimə keçdi.Yazılan materiallardan gördüm ki,onlar kifayət qədər böyük və şişirdilmiş məbləğ yazıblar.Uzun mübahisələrdən sonra mənə 40 min manat dəymiş ziyan ödəyəcəklərini dedilər. Bu sözü mənə Fövqəladə Hallar Nazirliyinin  Şahin adlı  əməkdaşı və  Dövlət  Şəhərsalma və Arxitektura Komitəsinin vəzifəlisi  Vasif adlı  şəxs   deyib.Mən də əlacsız qalıb,onların dediyi 40  min manatla razılaşdım. Buna baxmayaraq hələ də məbləğ mənə ödənilmir və bundan imtina olunur.”,- deyə şikayətçi bildirib.

 

Yollarda gedib-gəlməkdən və keçirdiyi ağır stresslərdən sonra Münasib Şirinovun səhhətində ciddi problemlər yaranıb. Bu haqda özü deyir:

“Vasif müəllim mənə həm maddi,həm də mənəvi  ağır zərbələr vurdu.Bir sənədin arxasınca uzun müddət   Gəncə-Bakı  arasında  qaldım.Məqsədli  şəkildə  sənədlərimi itirdilər.Təzədən tapıb, gətirdim. Axırda infarkt keçirdim,ürəyimə stend qoyuldu.İndi də vəziyyətim pisdir.”
Münasib Şirinov bildirib ki, özbaşnalığa və qanun pozuntularına görə artıq rəsmi qurumlara şikayət ərizəsi yazıb.

“Məmurların qanunları pozmasına və bizi süründürməçiliyə saldığına görə,Baş prokuror cənab Kamran ƏliyevəBaş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi  yazmışam.”,-deyə  O,bildirib.

 

Oxu24.com iddialarla bağlı yazıda adı hallanan tərəflərin də mövqeyini öyrənib.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu açıqlamasında bildirib ki, layihə-smeta sənədlərində nəzərdə tutulan işlərin bir qismi podratçı təşkilat tərəfindən yerinə yetirilmiş, digər qismi üzrə nəzərdə tutulmuş məbləğ zərərçəkmişin istəyi ilə podratçı tərəfindən zərərçəkmişlərə ödənilmiş  təhvil-təslim aktı imzalanmışdır.

(Foto Ramiz İdrisoğlunun şəxsi facebook profilindən götürülüb)

“Vətəndaşın müraciətləri əsas gətirilərək onun evində təkrar baxış keçirilmiş, qaldırdığı məsələlər aktlaşdırılmış və bu halların müharibədən dəymiş ziyan olmasının dəqiqləşdirilməsi üçün "Azərdövlətlayihə" DBLİ təqdim edilmişdir. Araşdırmanın nəticəsi olaraq vətəndaş tərəfindən qaldırılan məsələlərin müharibədən dəymiş ziyanla əlaqəli olmadığı müəyyən edilmiş və onların icrasının Komitənin səlahiyyətləri xaricində olduğu bildirilmişdir.”,-deyə rəsmi açıqlamada qeyd olunur. 

 

Miri Məcidli
 

Seçilən
9
oxu24.com

1Mənbələr