Bu yardım həqiqətən ukraynalıların həyatını xilas edir, Ukraynaya, iqtisadiyyatımıza dəstək olur.
APA xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Klinçenko deyib.
Diplomat bu yaxınlarda Davos Dünya İqtisadi Forumunda Ukrayna və Azərbaycan liderlərinin görüşdüyünü xatırladıb.
“Bu gün çox simvolik bir gündür. Belə ki, Ukrayna ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümüdür. Bu humanitar yardımın növbəti hissəsinin məhz bu günlərdə həyata keçirilməsi çox simvolik bir təsadüfdür və biz ümid edirik ki, Azərbaycanının Ukraynaya humanitar yardımı davam edəcək”, - Oleq Klinçenko vurğulayıb.
Oleq Klinçenko Ukrayna dövləti və xalqı adından Azərbaycan Prezidentinə təşəkkür edib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasından Ukraynaya növbəti humanitar yardım göndərilib. Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.
Bu vəsait çərçivəsində göndərilən ilkin humanitar yardım yükünə elektrik kabelləri, naqillər və transformatorlar daxildir. Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd edilən təchizat müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.
Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib. 2025-ci ilədək elektrik avadanlıqları qismində 120-yə yaxın transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə 3.3 milyon metrdən çox kabel və naqil Ukraynaya yola salınıb.