Şamaxı rayonunda 1976-cı il təvəllüdlü Ruslan yüngül həyat tərzi keçirən qızı Fatiməni (adlar şərti verilib – red.) bağlı qapılar arxasında saxlamaqla onu qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Fatimənin yüngül həyat tərzi keçirməsindən şübhələnın Ruslan onun ərindən boşanaraq, Bakı şəhərində sərbəst yaşamaq istəyinin qarşısını almaq məqsədilə 2024-cü il fevralın 9-u gecəsindən fevralın 14-dək Şamaxı şəhərindəki fərdi yaşayış evinin zirzəmində saxlayıb.
Fatimə fevralın 14-də uşaqları ilə telefonla danışmaq bəhanəsi ilə anası Sevdadan mobil telefonu alıb və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, zorla zirzəmidə saxlanılması barədə məlumat verib. Daha sonra tualetə getmək adı ilə zirzəmidən çıxıb. Yaşadığı evin qarşısında anası ilə mübahisə edərkən, ora polis əməkdaşları gəliblər. Onlar Fatiməni oradan xilas ediblər.
İstintaq orqanı tərəfindən Ruslanın barəsində Cinayət Məcəlləsinin 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndiririlən şəxs qismində ifadə verən Ruslan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, zərərçəkmiş Fatimə onun doğma qızıdır: “Qızım Lətif adlı şəxslə rəsmən ailə qurub, 10 yaşlı Sədi, 9 yaşlı Qalib adlı övladları var.
Fatimə ailə qurduqdan sonra 3-4 il Şamaxı şəhərində əri Lətifin valideynlərinə məxsus evdə yaşayırdı. Sonradan Lətiflə Bakı şəhərinə köçdülər. Lakin son vaxtlar əri Lətiflə münasibətləri pozuldu. Bu səbəbdən ərindən boşanmaq qərarına gəldi, məhkəməyə ərizə verdi. Sonra ərizəsini geri götürdü. Hazırda Fatimə ərindən ayrı Bakı şəhərində yaşayır”.
Təqsirləndirilən şəxs qeyd edib ki, qızı Fatimə işdən axşam evə gəldikdən sonra yenidən bəzənir, çölə çıxır və evə gec saatlarda gəlirdi: “Dəfələrlə Fatimə ilə söhbətlər etmişəm, lakin nəticəsi olmayıb. Mən camaat içərisində biabır olacağımı düşünmüşəm. Fatimənin əxlaqsız həyat tərzindən şübhələnmişəm. Buna görə də onu Şamaxı şəhərindəki evimə gətirmək, əri ilə barışığa kimi öz evimdə saxlamaq qərarına gəldim.
Fatiməylə birlikdə evimə gəldik. Lakin səylərimə baxmayaraq, o, ərindən boşanmaq fikrindən daşınmadı və özü sərbəst Bakı şəhərində yaşayacağını dedi. Onu bir neçə gün evin zirzəmisində saxlamağı düşündüm.
Mənim Şamaxı şəhərində fərdi yaşayış evim var və birinci mərtəbəsi zirzəmi kimi istifadə olunur. Ailə üzvlərimlə birlikdə evin ikinci mərtəbəsində yaşayırıq. Zirzəminin giriş qapısı dəmirdəndir. Zirzəminin ikinci otağının qapısı dəmir barmaqlıq formasındadır və qıfılla kilidlənib. Mən Fatiməni xəbərsiz evdən çıxaraq gedəcəyini ehtimal elədim. Bu məqsədlə evə çatdıqdan sonra onu zirzəmiyə apardım. Orada ikinci otağa keçməsini tapşırdım. Fatimə otağa keçdikdən sonra qapını çöl tərəfdən qıfılla kilidlədim. Açarı isə Fatimənin əlinin çatmayacağı yerə qoydum”.
Ruslanın ifadəsinə görə, səhəri gün evdən çıxaraq işləməyə gedib: “Mən evdə olmayanda ailə üzvlərim Fatiməyə yemək və su veriblər. Bir neçə gün Fatimə zirzəmidə qaldı.
Növbəti dəfə axşam saatlarında evə gələndə arvadım bildirdi ki, Fatimə uşaqları ilə danışmaq bəhanəsi ilə mobil telefonu alıb, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib. Fatimə həyətdə olan zaman polis əməkdaşları evimə gəlib və onu Şamaxı Rayon Polis Şöbəsinə aparıblar.
Törətdiyim cinayət əməlinə görə peşmanam. Mənim məqsədim qızımın boşanmasının qarşısını almaq, bu mümkün olmadıqda, qızımı öz yanımda yaşamasını təmin etmək olub”.