AZ

Depressiyanın qarşısını alır: Pomidor, qarpız… – ARAŞDIRMA

Pomidor, qarpız və papaya kimi qidalarda yüksək miqdarda olan likopenin beyin hüceyrələri arasında əlaqəni artıraraq depressiya əlamətlərini aradan qaldıra biləcəyi ortaya çıxıb.

Medianews.az xəbər verir ki, bunu Chongqing Tibb Universiteti tərəfindən yeni bir araşdırma göstərib.

Mütəxəssislər xüsusilə günəşdə qurudulmuş pomidorun likopenlə zəngin olduğunu bildiriblər.

“Food Science & Nutrition” jurnalında dərc edilən araşdırmada təbii bitki ekstraktlarının sintetik dərmanlarla müqayisədə uzunmüddətli istifadə üçün daha uyğun olduğu və yan təsirlərinin daha az olduğu müəyyən edilib.

Hesabatda tədqiqatlar irəlilədikcə, likopen və kurkuman kimi bitki ekstraktlarının neyroprotektiv təsirləri sübut olunduğu deyilir.

Tədqiqatçılar öz təcrübələrində 60 siçanda depressiyaya bənzər davranışlara səbəb olub və bu siçanları iki qrupa ayırıblar. Bir qrup bədən çəkisinin kiloqramı üçün 20 milliqram likopen qəbul edərkən, digər qrup qarğıdalı yağı plasebo qəbul edib.

Likopen qəbul edən siçanlar daha çox əməkdaşlıq edirdilər və plasebo qrupuna nisbətən şəkərli su qarışığına daha çox maraq göstərdilər. Alimlər müəyyən ediblər ki, siçanların stressə məruz qalması beynin öyrənmə və yaddaş funksiyası üçün vacib olan sinaptik plastikliyi pozur, nəticədə beynin məlumat saxlamaq və yeni təcrübələrə uyğunlaşma qabiliyyəti zəifləyir.

Mütəxəssislər depressiyanın xroniki bir xəstəlik olduğunu və onun patoloji mexanizmlərinin tam ortaya çıxmasının zaman ala biləcəyini, likopen müdaxiləsinin təsirinin daha əhatəli şəkildə qiymətləndirilməsi üçün davranış müşahidə müddətinin uzadılması lazım olduğunu ifadə etdilər.

Alimlər likopenlə zəngin qidaları pomidor, qarpız, qreypfrut və papaya kimi sıralayıblar.

Bəzi mənbələr həmçinin likopenin hüceyrə zədələnməsinə səbəb olan sərbəst radikallarla mübarizə apardığını, dərinin sağlamlığını yaxşılaşdırdığını, ağrı kəsici təsir göstərdiyini və yaddaş itkisinin qarşısını almağa kömək etdiyini irəli sürür.

Ancaq unudulmamalıdır ki, likopenin həddindən artıq istehlakı bəzi insanlarda mədə-bağırsaq problemlərinə, mədə ağrısına və ya ishala səbəb ola bilər.

Seçilən
13
medianews.az

1Mənbələr