AZ

İtkin şəhidlərimiz dəfn olundu - Yenilənib - Fotolar

İmişli məzarlığındakı daha bir naməlum şəhidin şəxsiyyəti müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Salyan rayonunun Seyidsadıqlı kənd sakini Tağıyev Elşən Qubad oğlunun şəxsiyyəti müəyyən olunaraq qalıqları ailəsinə təhvil verilib.

O bu gün doğulduğu kənddə dəfn olunub.

Qeyd edək ki, Elşən Tağıyev 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub və İmişli məzarlığında naməlum əsgər kimi dəfn edilib.

1971-ci il təvəllüdlü E. Tağıyev 31 ildir ki, itkin elan edilmişdi.

Surxay Şahbazov

***

İmişli məzarlığında şəxsiyyəti müəyyənləşən daha iki şəhid dəfn olunub.

“Report” xəbər verir ki, rayonun Səmədabad kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Məmmədov Tərlan Fikrət oğlunun nəşi Yevlax şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Rayonun Şəmmədli kənd məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Quliyev Müşfiq İbrahim oğlunun nəşi isə Cəbrayıl rayon Horovlu kənd qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində şəhidlərin doğmaları, Rayon İcra Hakimiyyətlərinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Tərlan Məmmədov 1975-ci ildə Yevlax şəhərində anadan olub. O, 1994-cü ilin yanvarında Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Müşfiq Quliyev isə 1971-ci ildə Cəbrayıl rayonu Horovlu kəndində anadan olub. O, 1993-ci ilin oktyabrın 16-da Cəbrayıl rayonunun Mahmudlu kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.




Seçilən
21
13
qafqazinfo.az

10Mənbələr