Xətai rayonu Bakı şəhərinin ən sıx əhali yaşayan rayonlarından biridir.
Publika.az xəbər verir ki, rayon ərazisində yaşayan əhalinin fasiləsiz, dayanıqlı içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsi məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Xətai rayon Sukanal İdarəsi işləri davam etdirir. İdarə heyəti daim gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. İdarənin su və kanalizasiya şəbəkələrinin istismarı sahəsi növbəlilik rejimində işlədiyi üçün su və kanalizasiya şəbəkələrində baş vermiş qəzalar qısa vaxt ərzində aradan qaldırılır.
Belə qəzalara gecə saatlarında baş verən qəzalar da daxildir. Göstərilən bütün xidmətlər əhalinin fasiləsiz içməli su ilə təminatını yaxşılaşdırmaqla bərabər onların məmnunluğunu artırmaq məqsədi daşıyır.
Xətai Sukanal İdarəsinin baş mühəndisi Emin Rüstəmov bildirib ki, hazırda Xətai rayonu Şamlıq küçəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən diametri 110 millimetrlik, uzunluğu 850 metrlik xəttin inşası davam etdirilir. "Bununla paralel Xətai rayon ərazisində Zeytun küçəsində diametri 110 millimetrlik, uzunluğu 850 metr olan su xəttinin inşası yekunlaşmaq üzrədir. Bundan başqa rayon ərazisində istismar müddəti bitmiş siyirtmələr dəyişdirilir. Hazırda Marat Əmirxanov küçəsində də kanalizasiya xəttinin dəyişdirilməsi işləri davam etdirilir".
Ötən il Əhmədli qəsəbəsində aparılmış yenidənqurma işləri çərçivəsində Xətai rayon Sukanal İdarəsi tərəfindən su və kanalizasiya xətləri dəyişdirilib. Həmçinin, Xətai rayon Nazim Şükürov küçəsində də müxtəlif diametrli uzunluğu 400 metr olan yeni su xətləri quraşdırılıb və 92 fərdi yaşayış evi yeni şəbəkəyə qoşulub. Ümumilikdə 2024-cü ildə idarə tərəfindən müxtəlif diametrli 4924 metr yeni su xətləri çəkilib, 1814 metr su xətləri isə dəyişdirilib. 2464 metr müxtəlif diametrli kanalizasiya xətləri, 42 ədəd baxış quyuları quraşdırılıb. Su xətlərinin üzərində 17 ədəd yeni siyirtmələr quraşdırılıb.
Baş mühəndis diqqətə çatdırıb ki, geridə qalan 2024-cü ili idarəmiz üçün məhsuldar və uğurlu hesab etmək olar. "Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən 8 Noyabr prospektinin əsaslı təmir işləri zamanı istismar müddəti bitmiş su və kanalizasiya xətləri dəyişdirilib. 4017 metr müxtəlif diametrli su xətti çəkilib, 428 metr isə müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilib. Həmçinin əhali tərəfindən primitiv üsulla çəkilmiş xətlər ləğv olunaraq 3503 metr müxtəlif diametrli su xətti və 2269 metr uzunluğunda kanalizasiya xətti quraşdırılıb. 312 fərdi yaşayış evinin isə yeni şəbəkəyə qoşulması təmin edilib".