AZ

Castin Kluyvert - Premyer Liqada yanvarın ən yaxşısı!

“Bornmut”un hollandiyalı sol vingeri Castin Kluyvert 2025-ci ilin yanvar ayı üçün İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki bu barədə İngiltərə Premyer Liqasının mətbuat xidməti məlumat yayıb.

Kluyvert yanvar ayında İngiltərə Premyer Liqasında “Bornmut”un heyətində 4 matçda iştirak edib. 25 yaşlı hücumçu 22-ci turda “Nyukasl”la qarşılaşmada (4:1) het-trikə imza atıb. Onun aktivində 2 məhsuldar ötürmə də var. O, ümumilikdə Premyer Liqanın cari mövsümündə 23 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Kluyvert karyerasında ilk dəfə Premyer Liqada ayın ən yaxşı oyunçusu seçilib. Premyer Liqanın cari mövsümündə Kluyvertdən öncə Erlinq Haland (“Mançester Siti”) avqustun, Koul Palmer (“Çelsi”) sentyabrın, Kris Vud (“Nottingem Forest”) oktyabrın, Məhəmməd Salah (“Liverpul”) noyabrın, Aleksandr İsak (“Nyukasl”) dekabrın ən yaxşısı elan edilmişdi.

Castin Kluyvert Niderland yığmasının məşhur mərkəz hücumçusu Patrik Klyuyvertin oğludur. Castin “Bornmut”a 2023-cü ilin iyulunda 11,2 milyon avro müqabilində “Roma”dan keçib. Kluyvertin “albalılar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Castin “Bornmut”un heyətində 25 oyuna çıxıb, 12 qol vurub, 5 məhsuldar ötürmə verib. Kluyvertin bu klubun heyətindəki ümumi statistikası isə belədir: 61 oyun, 21 qol, 7 məhsuldar ötürmə.

“Ayaks”ın yetirməsi olan Castin karyerası ərzində “Roma”, “Leypsiq”, “Nitsa” və “Valensiya” kimi klubların da formasını geyinib.

Kluyvert 2018-ci ilin martında debüt etdiyi Niderland yığmasının heyətində 3 oyun keçirib. O, cəmi 83 dəqiqə meydanda olub və məhsldar fəaliyyəti ilə diqqət çəkməyib. Castin Niderlandın əsas yığmasına düşmək üçün U-15, U-16, U-17, U-18, U-19, U-21 yığmalarından təcrübə yolu keçib.

“Transfermarkt” internet-portalı 25 yaşlı Castin Kluyverti 22 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
76
arena.az

1Mənbələr