AZ

Haitidə 1,2 milyon uşaq silahlı zorakılıq təhlükəsi altındadır - UNICEF

Bakı, TurkicWorld

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Haitidə 1,2 milyon uşağın silahlı zorakılıq riski altında olduğunu açıqlayıb.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, UNICEF-in sözçüsü Ceyms Elder, BMT-nin Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında Haitidəki vəziyyətin getdikcə pisləşdiyini bildirib.

Elderin sözlərinə görə, silahlı dəstələr hazırda paytaxt Port-o-Prinsin 85 faizinə nəzarət edir. Bu, şəhərdə təhlükəsizliyin demək olar ki, tamamilə çökməsi deməkdir.

O vurğulayıb ki, uşaqlara qarşı cinsi zorakılıq halları ötən illə müqayisədə 10 dəfə artıb və silahlı qruplar uşaqları zorla sıralarına cəlb edirlər. Təkcə 2023-cü ildə uşaqların silahlı qruplara qoşulması 70% artıb və hazırda bu qrupların üzvlərinin yarısını uşaqlar təşkil edir.

"Bu uşaqların çoxu zorla silahlı qruplara cəlb edilir. Haitidə əzab-əziyyət böyükdür. 1,5 milyondan çox uşaq və müəllim məktəblərin bağlanmasından təsirlənir", – deyə Elder bildirib.

2024-cü ilin əvvəlindən bəri silahlı qrupların hücumları nəticəsində 5000-dən çox insan həyatını itirib. Aclıq və yoxsulluğun artması, habelə siyasi qeyri-sabitlik vəziyyəti daha da gərginləşdirir.

Qeyd edək ki, ölkədəki zorakılıqlara görə keçmiş baş nazir Ariel Henri 2024-cü ilin aprelində istefa verib və yaradılmış Müvəqqəti Şura Qarri Konili baş nazir təyin edilib.

Şura 2024-cü il noyabrın 11-də vəzifəsindən azad etdiyi Konilin yerinə iş adamı Alix Didier Fils-Aime-ni baş nazir təyin etmişdi.

Seçilən
22
turkic.world

1Mənbələr