AZ

İran açıq etiraf etdi– “Zəngəzur dəhlizini istəməyən biz və Ermənistandır...”

Image

Mübariz Göyüşlü: "Zəngəzur dəhlizi bir qədər gec olsa da açılacaq və biz "Azərbaycandan-Azərbaycana" prinsipi ilə bu dəhlizdən istifadə edəcəyik"

İran dəhliz məntiqi çərçivəsində Ermənistan ərazisindən keçən istənilən yolun əleyhinədir, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani mətbuat konfransında Azərbaycanla Naxçıvan arasında quru əlaqəsinin mümkünlüyünü şərh edərkən bildirib.

"Biz Ermənistandan keçən yolların açılmasının tərəfdarıyıq, lakin bu, Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə baş verməlidir. Biz dəhliz məntiqini ehtiva edən istənilən yolun əleyhinəyik", - Sobhani bildirib.

O əlavə edib ki, region ölkələri arasında yalnız İran Ermənistanın Zəngəzur dəhlizinə qarşı mövqeyini dəstəkləyir.

Səfir qeyd edib ki, bu məsələdə iki ölkə arasında hər hansı fikir ayrılığı yoxdur, “dəhliz” həm Ermənistan, həm də İran üçün zərərli olacaq.

Son zamanlar Rusiya ilə İran  arasında strateji tərəfdaşlıq sazişi imzalandıqdan sonra güman edilirdi ki, Tehranın Zəngəzur dəhlizinə münasibəti dəyişib. Çunki Zəngəzur dəhlizinin açılması indi Rusiya üçün daha çox maraq doğurur. Lakin səfirin fikirlərindən görünür ki, İranın mövqeyi dəyişməz qalıb. İndi Zəngəzur dəhlizinin taleyi necə olacaq? Nəzərə almaq gərəkir ki, Ermənistanda "mülki müşahidə missiyası" ilə mövcud olan Avropa və bu ölkəyə sərhədçi qismində gəlməyə hazırlaşan Amerika da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Ən azı, onların sərgilədiyi açıq mövqe bunu iddia etməyə əsas verir.

Baki-xeber.com saytına açıqlamasında "Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bildirdi ki, başda Ermənistan olmaqla, kimin hansı mövqeyi sərgiləməsindən asılı olmayaraq, Zəngəzur dəhlizi açılmalıdır və mütləq açılacaq: "Birincisi ona ki, bu, Azərbaycanın qarşıya qoyduğu bir hədəfdir. Azərbaycan hökuməti bu layihənin gündəmdən çıxmasına, havadan asılı qalmasına imkan verməyəcək. Təçürbədən çıxış edərək məsələyə yanaşsaq görərik ki, son illər Azərbaycanın hədəflədiyi bütün layihələr - istər ölkədaxili, istərsə də regional layihələr zaman axarında reallaşdırılıb. Əlbəttə, Zəngəzur dəhlizinin daha tez açılması, Azərbaycan da daxil, bütün region ölkələri üçün faydalıdır. Maraqlıdır ki, hamıdan çox Ermənistan üçün faydalıdır. Lakin çox təəssüf ki, Ermənistanın regiondakı və Qərbdəki havadarları bu reallığı qəbul etmək istəmirlər. Bu reallıqla bağlı inkarçı mövqe tuturlar. Amma bu, Azərbaycanın mövqeyini dəyişə bilməz, dəyişməyəcək də...

Zəngəzur dəhlizi bir qədər gec olsa da açılacaq və biz "Azərbaycandan-Azərbaycana" prinsipi ilə bu dəhlizdən istifadə edəcəyik. Eyni zamanda, Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat dəhluzinin bir hissəsinə çevrilərək regional və qlobal iqtisadiyyata öz töhfəsini verəcək.

Mən düşünürəm ki, İranın mövqeyi bu məsələdə o qədər də böyük əhəmiyyət kəsb etmir. Sadəcə, İran belə təsəvvür yaratmaq istəyir ki, guya onlar Ermənistanla çox yüksək səviyyəli münasibətlərə malikdir. Elə isə, Ermənistan nəyə görə İranla sərhədinə onunla düşmən dövlət olan Amerikanın sərhədçılərını yerləşdirmək istəyir? Tehranla dartışan Avropa İttifaqının "mülki müşahidə missiyası" Ermənistan ərazisindən İranda hərbi təyinatlı müşahidə-kəşfiyyat əməliyyatları aparır. İran niyə bunun qarşısını ala bilmir? Ona görə ki, bunu etməyə İranın gücü çatmır. Ermənistan isə İranın iqtisadi imkanlarından şəraitə uyğun istifadə edir, məsələ bu qədər sadədir".

Dəniz NƏSİRLİ





Seçilən
113
8
baki-xeber.com

10Mənbələr