Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Oleq Krapivinin vəkili vəsatət verərək müdafiə etdiyi şəxsin səhhətində ciddi problemlər olduğunu deyib. Onun bununla əlaqədar ev dustaqlığına buraxılmasını xahiş edib.
Məhkəmə vəsatəti təmin etməyib.
Dövlət ittihamçısı Konstantin Kuçerə suallar ünvanlayıb. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirib ki, o, 2017-2018-ci illərdən bu fəaliyyətlə məşğuldur, yalnız mülki gəmilər üçün ehtiyat hissələri satır, həmin hissələr hərbi gəmilər üçün istifadə oluna bilməz.
O, əlavə edib ki, zərərçəkənin verdiyi pulun bir qismi ilə sifariş verilib, lakin məhsulları yolda saxlanılıb. Buna səbəb Rusiya-Ukrayna müharibəsi olub. Onun hətta Frankfurtdan Qazaxıstana göndərilən yük maşını da istintaqla əlaqədar saxlanılıb. O, pulu qaytarmaq istəsə də, "Günay Bank"ın bağlanması səbəbindən qaytara bilməyib.
Qeyd edibki, digər banklarda olan hesablarındakı məbləğlər öz şirkətlərinə məxsusdur.
Daha sonra zərərçəkən Valeriy Zaxarenkov ifadə verib. O, rusdilli olduğu üçün tərcüməçi ilə təmin olunub.
Zərərçəkən bildirib ki, hər iki təqsirləndirilən şəxs ona xəsarət yetirib. Onun ifadəsi ilə təqsirləndirilən şəxslərin ifadələri ziddiyət təşkil edib. Buna cavab olaraq V.Zaxarenkov deyib ki, tibbi ekspertizada hər şey əks olunub.
Prosesdə şahid qismində tanınan S.Ziryanov da ifadə verib.