AZ

Astanada Türk Mədəniyyəti və İrsi Fondunun II Şura toplantısı keçirildi

Fevralın 7-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Mədəniyyəti və İrsi Fondunun II Şura toplantısı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və fonda üzv və müşahidəçi ölkələrin müvafiq qurumlarının rəhbər və nümayəndələri iştirak ediblər.

Publika.az xəbər verir ki, toplantıdan öncə Qazaxıstan Milli Muzeyində Türk dünyasının görkəmli alim və mütəfəkkiri Mahmud Kaşğarlının “Divani-lüğət it-türk” əsərinin 950 illik yubileyinə həsr edilmiş sərginin açılış mərasimi olub. Məlumat verilib ki, UNESCO Baş Konfransının 2024-cü ilin 7-22-noyabr tarixlərində keçirilmiş 42-ci sessiyasında “Divani-lüğəti-türk” əsərinin 950 illiyi təşkilatın 2024–2025-ci illər üzrə yubileylər siyahısına daxil edilib. Bu münasibətlə ötən ilin dekabrında UNESCO-nun baş qərargahında beynəlxalq konfrans keçirilib.

Sonra Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayevanın moderatorluğu ilə Türk Mədəniyyəti və İrsi Fondunun növbəti Şura iclası öz işinə başlayıb.

Toplantıda çıxış edən fondun prezidenti Aktotı Raimkulova təşkilatın ötən ildəki fəaliyyətindən danışıb, 70-dən çox layihə və tədbirin reallaşdırıldığını vurğulayıb. Fondun rəhbəri qarşıda duran strateji hədəfləri də diqqətə çatdırıb.

Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev çıxışında fondun fəaliyyətinin türk xalqlarının mədəni inteqrasiyasına öz töhfəsini verdiyini bildirib.

İclasda çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli nazirliyin Türk dünyasının zəngin mədəni irsini qorumaq və gələcək nəsillərə ötürmək üçün bütün türk əməkdaşlıq təşkilatları ilə sıx əlaqələr qurduğunu deyib. Bildirib ki, strateji tərəfdaşlıqlar, innovativ təşəbbüslər, birgə tədqiqat layihələri və rəqəmsal arxivlərin yaradılması kimi addımlar mədəni irsimizi gələcək nəsillərə ötürmək üçün vacib vasitələrdir.

Seçilən
11
5
publika.az

6Mənbələr