AZ

Yerli uşaq bezi istehsalı bərbad gündədir - idxal bez isə bir uşaq üçün ayda 50 manata başa gəlir...

Image

Fuad İbrahimov: “Uşaq bezi avtomobil deyil ki, biz onu istehsal edə bilməyək”

60 ədəddən ibarət uşaq bezinin bir bağlaması 50 manat olub. Bu, orta statistik gəliri olan Azərbaycan ailəsi üçün olduqca ciddi bahalaşmadır. Üstəlik, bir bağlama bir ay belə getmir. 

Məsələ ondadır ki, alıcıların əksəriyyəti əsasən Türkiyə və Rusiya istehsalı bezlərə üstünlük verir. Səbəb sadəcə odur ki, bu ölkələrdə istehsal olunan uşaq bezləri keyfiyyətlidir. Azərbaycanda uşaq bezi istehsalı ilə məşğul olan bir neçə müəssisə olsa da, həm istehsalları elə böyük deyil, həm də onlara tələbat yoxdur. Çünki keyfiyyəti çox aşağıdır. Azərbaycanda istehsal olunan uşaq bezlərindən valideynlər narazıdır. Yerli bezlər bir sıra hallarda yeni doğulan uşaqlarda səpkilərə yol açır. Xaricdən də bu məhsulu idxal edəndə 15 faiz gömrük rüsumu, 18 faiz ƏDV və digər xərclər nəticəsində qiymətlər anormal dərəcədə qalxır. Nəzərə alsaq ki, bu məhsula hər zaman tələbat var və üstəlik, istehsalı da elə bir mürəkkəb proses deyil, o zaman ölkədaxili uşaq bezi istehsalı niyə belə bərbad durumdadır? Niyə bu sahə ilə məşğul olan sahibkarlar keyfiyyətli uşaq bezi istehsal edə bilmir?

“Həmin avadanlıqlarla bəlli metodologiya və texnologiya ilə keyfiyyətli uşaq bezi istehsal etmək elə də çətin deyil”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Problem ondadır ki, bizim İqtisadiyyat Nazirliyinin yalnız adı var. Məsələ ondadır ki, bu qurum ölkədə yerli istehsalı qura bilmir. Real sektoru yarada bilmir və onların fəaliyyəti uğursuzdur. Halbuki, bir sıra məhsulların ölkə daxilində istehsalı üçün kifayət qədər potensial var. Nə vaxta qədər əhali idxal məhsullarına pul xərcləməlidir? Bunlar sanki yerli məhsul istehsalının qəsdinə durublar. Əhalinin yerli istehsala olan inamını öldürüblər. Çünki ölkəmizdə keyfiyyətli məhsul istehsal olunmur. Türkiyədə istehsalda istifadə edilən eyni avadanlıqlar Azərbaycanda da quraşdırılıb. Sadəcə, təşkilatçılıq, işin qurulması bərbad gündədir. Halbuki, həmin avadanlıqlarla bəlli metodologiya və texnologiya ilə keyfiyyətli uşaq bezi istehsal etmək elə də çətin deyil. Əgər istehsal üçün şərait yaradılsa, nəinki uşaq bezinə olan tələbatı yerli istehsal hesabına təmin etmək olar, həm də bunu ixrac etmək mümkündür. Üstəlik, yerli bazarda uşaq bezinə hər zaman böyük tələbat var. Yerli istehsal həm də iş yerlərinin açılması deməkdir. Müxtəlif stimullaşdırıcı vasitələrlə, sahibkarlara sərfəli kreditlər verməklə bu sahəni inkişaf etdirmək olar. Həmçinin subsidiyalarla təmin etmək olar. Anlayıram ki, bazar iqtisadiyyatında müdaxilə olmamalıdır. Ancaq İqtisadiyyat Nazirliyi ortaya bir model qoymalıdır. Ölkədə bir neçə uşaq bezi istehsal edən zavod olsa, rəqabət olar. Müəssisələr məcbur olacaq ki, keyfiyyətli uşaq bezi istehsal etsinlər. Azərbaycanda bunun üçün pambıq da var, kimya məmulatları var. Sadəcə, bu işi təşkil etmək lazımdır. Uşaq bezi avtomobil deyil ki, biz onu istehsal edə bilməyək”.

Vidadi ORDAHALLI





Seçilən
42
baki-xeber.com

1Mənbələr