AZ

Vüqar Əhmədovun sədri olduğu “Azərişıq”ın “ŞANSI”, yaxud milyonluq layihələrin həvalə edildiyi müəmmalı şirkət kimindir?

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) keçirdiyi satınalma müsabiqələrində qalib gələn şirkətlər arasında daha çox diqqəti cəlb edən “Şans Construction” MMC-dir.

32gun.az xəbər verir ki, bu şirkət yarandıqdan bir ildən sonra dövlət satınalmalarında iştirak etməyə başlayıb və “Azərişıq” ASC-nin Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Neftçala rayonu Aşağı Surra kəndi ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. 

Bu tender üzrə bağlanmış satınalma müqaviləsinin maliyyə dəyəri 2 618 234,96 manatdır. 

2024-cü ildə isə şirkət “Azərişıq” ASC-nin keçirdiyi 7 tenderin qalibi seçilib. Bu tenderlər üzrə bağlanan satınalama müqavilələrinin ən aşağı maliyyə dəyəri 1 772 258,66 manatdır. Müqavilədə Laçın rayonu Zabux və Sus kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri nəzərdə tutulur.
Digər müqavilələrin maliyyə dəyəri isə 2-13 milyon arasında dəyişir.
“Şans Construction” MMC-nin Azərişıqdan aldığı ən iri məbləğli sifariş ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair tələblər proqramına əsasən pivot suvarma tətbiq edilmiş və ərzaqlıq buğda əkilmiş sahələrin xarici elektrik təchizatının təmin olunması işlərinin satın alınması ilə bağlıdır. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 13 710 522,07 manatdır. 

Maraqlıdır ki, dövlət qurumunun iri məbləğli tenderlərində qalib seçilən “Şans Construction” MMC haqqında açıq mənbələrdə heç bi məıumat yoxdur. Hətta şirkətin əlaqə nömrələrinə və internet saytına rast gəlinmir. 

Bu isə şirkətin maddi-texniki bazası haqqında məlumatları əlçatmaz edir. İri layihələri həyata keçiriən “Şans Construction” MMC-nin maddi-texniki bazasının buna imkan verib-vermədiyi bəlli deyil.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Şans Construction” MMC 23 iyun 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nizami Rayonu, Əliağa Kürçaylı küçəsi, ev 7, mənzil 64-də yerləşir. 

Şirkətin qanuni təmsilçisi isə Orucov Vüqar Bayram oğludur. Ondan əvvəl “Şans Construction” MMC-nin qanuni təmsilçisi Abbasov Səyavuş Şahid oğlu olub. 

Vüqar Orucov onu ötən il əvəzləyib. Bu şəxslər barəsində də heç bir məlumata rast gəlinmir.  Beləliklə, dövlət sifarişlərini faktiki olaraq barəsində heç nə bəlli olmayan bir şirkət həyata keçirir ki, bu da müəyyən şübhələrə yol açır. Hər halda “Azərişıq” ASC özəl təşkilat deyil, dövlət büdcəsindən maliyyələşən qurumdur. Ona görə də dövlət satınalmalarında şəffaflığı təmin etməli, iri layihələri icra edən şirkətlər haqqında ictimaiyyətə məlumat verməlidir.

Qeyd edək ki, "Azərişıq" ASC-nin rəhbəri Vüqar Əhmədovdur.

Seçilən
24
paytaxt.org

1Mənbələr