“Ohanyan səddi" 1994-cü ildə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın rəhbərliyi ilə qurulmuşdu və sonrakı dövrdə gücləndirilmişdi. Bu səddin qurulmasında məqsəd Azərbaycan ordusunun hücumu zamanı müdafiə olunmaq və əks-hücuma keçmək idi.
Sədd kompleks müdafiə səngərlərinin, tank əleyhinə xəndəklərin, məftil hasarların olduğu, eyni zamanda, həm tank, həm də piyada əleyhinə minaların basdırıldığı sahələrdən ibarət olub.
Azərbaycan ordusu 44 günlük Vətən müharibəsinin elə ilk günlərində bu sədd haqqında ermənilərin uzun illər ərzində yaratdıqları mifə son qoydu. Müharibə başlayandan bir neçə gün sonra "Ohanyan səddi" cəbhənin fərqli istiqamətlərində yarıldı. Ermənilər 28 illik işğal dövründə “dillər əzbəri” etdikləri bu müdafiə sisteminin Avropada ən mürəkkəb və keçilməz müdafiə sədləri olduğunu iddia edirdi.
Ermənistan Ohanyan xəttini möhkəmləndirməklə Azərbaycanın əsas zərbə istiqamətini müəyyən etməyə və ona ilk həmlədəcə maksimum zərər yetirməyə çalışırdı. Lakin düşmən ölkənin bütün bu kimi cəhdləri Azərbaycan ordusunun qarşısında aciz və çarəsiz qaldı. Hərbçilərimiz cəmi 44 gün ərzində böyük erməni mifini elə ordusu kimi tam məğlub etdi.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bildirib ki, dünyada bu kimi parlaq qələbə nümunələri olduqca azdır:
“Burada müxtəlif faktorlar var. İlk olaraq, Azərbaycan ordusu vətənpərvər idi. Bizim ordumuz vətəninin, dövlətinin suverenliyi naminə haqlı müharibə aparırdı. O, öz ərazilərini azad etmək istəyirdi. Qarabağ haqsız işğala məruz qalmışdı və Ermənistan arxasındakı güclərin hesabına torpaqlarımızı işğal etmişdi.
Ordumuzun hər bir əsgəri, zabiti mənəvi olaraq bu işğalla barışa bilmirdi və hər an müharibə əmrini gözləyirdi. Zaman-zaman belə təşəbbüslər də olub. Mən sizə Mübariz İbrahimovun nümunəsini göstərə bilərəm. Digər tərəfdən, güclü iradə, əzm, çalışqanlıq. Azərbaycan ordusu illərlə təlimlər keçirdi. Dünyanın ən aparıcı hərbi akademiyalarında, məktəblərində, kurslarda iştirak edirdi. Böyük təhlillər aparılırdı.
Qarşıdakı düşmən müxtəlif üsullarla öyrənilirdi. Səngərlər, ərazi, relyef kimi faktorlar təhlil edilirdi. Müharibədən öncə və müharibə dövründə Ermənistan ordumuzun hücumunu ancaq Ağdam və Tərtər istiqamətində gözləyirdi. Lakin həmin istiqamətlərdə kiçik həmlələr olsa da, əsasən cənub, yəni Füzuli və Cəbrayıl istiqamətində əməliyyatlar oldu. Azərbaycan ordusunun 44 günlük vətən müharibəsində keçirdiyi əməliyyatların hər biri hərbi akademiyalar üçün bir dərs vəsaitidir.
Müasir və klassik müharibənin bütün elementlərindən istifadə edildi. Məsələn, elə ərazilər var idi ki, oranın alınmasında müasir müharibə üsullarından, Şuşanın alınmasında isə yüngül silahlardan, klassik müharibə üsullarından istifadə edildi. Azərbaycan əsgərinin fiziki, mənəvi gücü, iradəsi, əzmi. Bunlar hamısı qələbənin qazanılmasında mühüm rol oynayıb. Eyni zamanda bu ordunun arxasında Azərbaycan xalqının, dövlətin, Ali Baş Komandanın inamı və gücü var idi. Bir işdə uğur qazanmaq üçün istəkli, əzmli olmaq çox vacibdir”.
Ekspert qeyd edib ki, Azərbaycan ordusu müharibə ərzində həm humanist, həm də rəşadətli tərəfini göstərməyi bacardı:
“Azərbaycan ordusu ordu üçün lazım olan parametrlərin hamısına sahib idi. Müharibə edən ölkələrin bir çoxunda siyasi qüvvələr, xalq bəzən müxtəlif fikirdə olur və həmrəylik yarada bilmir.
Amma 44 gün ərzində əsgərlərimiz bilirdi ki, bütün Azərbaycan xalqı onun arxasındadır və haqlı müharibə aparır. Hər xalqa, millətə nəsib olmayan nemətdir ki, Azərbaycan xalqının igid və vətənpərvər hərbçiləri, ordusu var. Azərbaycan gənci tarixi gözəl bilirdi. Onlar bilirdi ki, Azərbaycan əsrlərdir işğala məruz qalır.
İşğalçı Ermənistanın özü məhz onun tarixi ərazilərində yaradılıb. Həm də Azərbaycan hərbçiləri humanist idi, müharibə qanunlarına düzgün riayət edirdi. Başqa ölkələrdə müharibələr aparılır və çox sayıda mülki əhali zərər çəkir. Amma bizim hərbçilərimiz mülki ermənilərə qarşı bir dənə güllə atmadı. BMT yarandığı vaxtdan bəri ilk dəfə onun qətnamələri yerinə yetirildi.
Azərbaycan dövləti, ordusu məcbur etdi ki, Ermənistan Ağdam, Laçın və Kəlbəcəri işğaldan azad etsin. Bununla Azərbaycan ən böyük diplomatik gedişi etdi. Bu qələbə torpaqları işğalda olan, ümidsiz xalqlar üçün böyük bir ümiddir”.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır.
Telegram kanalımız