AZ

Xoruz banlayan orta məktəb görübsüz?...Sabirabadda deyirlər var...

Image

Son illər ölkəmizin təhsil sistemində aparılan islahatların keyfiyyət göstəriciləri məktəblərin infrastrukturunun yaxşılaşdırılması, yenilərinin inşası və əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilməsi ilə sıx bağlıdır. 

Paytaxt Bakı ilə yanaşı, respublikanın əksər bölgələrində də yeni məktəb tikintisi və köhnələrinin əsaslı şəkildə bərpası sürətlə davam etdirilir. Ancaq buna baxmayaraq, məktəb binaları ilə bağlı narazılıqlar yaşanır. Bu günlərdə sosial şəbəkədə Sabirabad rayonu Sarxanbəyli kənd tam orta məktəbinin içərisində xoruzların gəzdiyi, həyətində isə qoyunların otlaması ilə bağlı video yayıldı. Məlum görüntü sosial şəbəkədə narazılığa, müzakirəyə səbəb oldu.  

Sabirabad rayon Təhsil Sektoru: “Məktəb direktoru barəsində intizam tənbehi görüləcək”

Məsələ ilə bağlı Sabirabad rayon Təhsil Sektorundan bildirildi ki, məktəb direktoru barəsində intizam tənbehi görüləcək, gələcəkdə belə hallara yol verilməməsi və məktəbin mühafizəsinə nəzarətin gücləndirilməsi üçün ciddi tapşırıq verilib: “Təhsil müəssisələrinin təmir-tikintisi dövlət büdcəsindən Elm və Təhsil Nazirliyinə ayrılmış vəsait çərçivəsində mərhələli şəkildə həyata keçirilir və həmin təhsil müəssisəsinin əsaslı təmir məsələsinə növbəti illərin dövlət investisiya proqramı çərçivəsində baxılacaq”.

Cavanşir Əliyev: “Görüntü bir daha sübut edir ki, regional təhsil idarələrinin fəaliyyətində ciddi nöqsanlar müşahidə olunur”

Təhsil eksperti Cavanşir Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Sabirabad rayonu Sarxanbəyli kənd tam orta məktəbində müşahidə olunan xoşagəlməz  vəziyyət təhsili idarə edən qurumların fəaliyyətindəki çatışmazlıqları bir daha gündəmə gətirir: “Məktəbin daxilində xoruzların sərbəst dolaşması və həyətində qoyunların otlaması kimi hallar tədris binasında nəzarətsizliyin hökm sürdüyünü göstərir. Məlum görüntü bir daha sübut edir ki, regional təhsil idarələrinin fəaliyyətində ciddi nöqsanlar müşahidə olunur. Uşaqlar belə vəziyyətdə necə dərs oxuya bilər? Təhsil ocağı nəzarətsiz, başlı-başına buraxılmamalıdır. Təhsil Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələyə xüsusi diqqət ayırmalı və belə halların təkrarlanmaması üçün zəruri tədbirlər həyata keçirməlidir”.

Günel CƏLİLOVA





Seçilən
41
baki-xeber.com

1Mənbələr