Quba, 8 fevral, Elxan Yusifli, AZƏRTAC
Şimal bölgəsində dörd yeni məktəb binası inşa olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba, Qusar və Şabran rayonları ərazisində tikilən yeni təhsil ocaqlarında 1600-dən çox şagirdin müasir tələblərə uyğun təhsil alması üçün hər bir şərait yaradılacaq.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən verilən məlumata görə, Qubanın Hacıhüseynli kəndində inşa olunan yeni məktəb binası 528 şagird yerlikdir. Qusarda isə iki yeni təhsil ocağı tikilir. Kuzunqışlaq kəndindəki yeni məktəb 220, Cibir kəndindəki isə 264 şagird yerlik olacaq. Hazırda bölgədə tikintisi davam edən ən böyük məktəb Şabran rayonunun Ağalıq kəndindədir. Bu təhsil ocağında eyni vaxtda 648 şagird təhsil ala biləcək.
Yeni məktəb binalarında sinif, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, laboratoriyalar, idman, akt, oxu zalları, kitabxana və yeməkxana olacaq. İnşa olunan bütün təhsil müəssisələri müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək.
Məktəb binalarının tikintisinin növbəti tədris ilinə kimi başa çatdırılması nəzərdə tutulub.
Regional Təhsil İdarəsindən bildirilib ki, ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin edilməsi, yeni məktəb binalarının inşası və mövcud binaların əsaslı təmiri əsas prioritetlərdəndir. Son iki ildə şimal bölgəsində 7 yeni məktəb binası tikilib. Bundan başqa 67 məktəbdə cari, 12 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilib, modul tipli 5 yeni məktəb istifadəyə verilib.