AZ

USAID-in ölkəmizdə fəaliyyətinin dayandırılması ilə bağlı qərar çox müsbət addımdır - ŞƏRH

Bakı, 8 fevral, AZƏRTAC

Azərbaycan digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini daim rəhbər tutur. Lakin əfsuslar olsun ki, ərazi bütövlüyü və suverenliyini bərpa edən ölkəmizə qarşı total hücumlar səngimir. Erməni lobbisinin ciddi təsiri altında olan, anti-Azərbaycan bəyanatlarla çıxış edən ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) son illər Azərbaycana münasibətdə kəskin ritorika nümayiş etdirir. Səbəb də bəllidir. Hər vəchlə müstəqil xarici siyasət yürüdən dövlətlər hədəfə alınır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.

Deputat bildirib ki, USAID uzunmüddətli iqtisadi və sosial inkişafa yardım göstərmək adı ilə formalaşdırılıb. Qurumun ayrı-ayrı ölkələrdə müxtəlif proqramlarla, əsasən, kənd təsərrüfatı, ticarət, qlobal səhiyyə, demokratiyanın inkişafı və humanitar məqsədlər üçün yardımlar ayırdığı iddia olunur. Lakin bu iddiaların əksinə olaraq, USAID yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə fəal şəkildə müdaxilə etməyə, qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışıb.

A.Məmmədovun sözlərinə görə, “İnqilablar mühəndisi” adlandırılan və vaxtilə Azərbaycandan qovulan milyarder Corc Sorosun ABŞ-da anti-Türkiyə və anti-Azərbaycan xarakterli çıxış və bəyanatları ilə tanınan Co Bayden komandasını bəlkə də ABŞ tarixində ilk dəfə - müəmmalı seçkilər vasitəsilə hakimiyyətə gətirməsindən və ermənipərəst Samanta Paueri USAID-in rəhbəri təyin etməsindən sonra milyarderin himayəsində olan bu qurumun ölkəmizə qarşı fəaliyyətini genişləndirəcəyi labüd idi. Zamanında verilən proqnozlar da artıq özünü kifayət qədər doğrultdu. Təkcə bir faktı vurğulamaq kifayətdir ki, USAID Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmədi və hələ də bir ölünü - “Dağlıq Qarabağ”ı tanıyaraq separatçı qurumla çalışdı, maddi yardımlar etdi, necə deyərlər, quldur rejimin ayaqda qalıb yenidən terrorçu meyillərini icra etməsi üçün pullar xərclədi.

“30 ildən çox Azərbaycan torpaqlarının işğalına göz yuman, heç bir sülh təşəbbüsü ilə çıxış etməyən ABŞ Beynəlxalq İnkişaf Agentliyi heç vaxt torpaqlarımızın işğalına dair bəyanat yaymayıb, qaçqınların problemlərinin həllinə ciddi dəstək verməyib. Əksinə, 2020-ci ilin sentyabrında Azərbaycan Ordusu ərazi bütövlüyünü təmin edərkən USAID dövlətimizə qarşı kampaniya aparıb və ermənilərin müdafiəsinə qalxıb. Həmçinin COP29 sammiti ərəfəsində insan hüquqları məsələlərini bəhanə edərək ölkəmizə qarşı təzyiqlər göstərməyə çalışıb”, - deyə deputat diqqətə çatdırıb.

Bilavasitə Sorosun təlimatları əsasında fəaliyyət göstərən ermənipərəst Samanta Pauerin nəinki ABŞ-da, ümumiyyətlə bütün dünyada qatı anti-türk kimi tanındığını qeyd edən A.Məmmədov USAID-in Azərbaycana qarşı qərəzli mövqeyini qəbuledilməz adlandırıb. Vurğulayıb ki, ölkəmizə qarşı bu cür münasibət dövlətimizin müstəqil siyasət həyata keçirməsini, regionda yeni reallıqlar yaratmasını adıçəkilən təşkilatın həzm edə bilməməsindən qaynaqlanan boş hay-küydən başqa bir şey deyil.

“ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin ölkəmizdə fəaliyyətinin dayandırılması ilə bağlı qərar çox müsbət addımdır. Çünki Azərbaycan USAID-in fəaliyyətinə qadağa qoymaqla dövlətimizi təhlükələrdən qorudu. Bu gün ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti, qətiyyəti ilə ayaqda möhkəm dayanıb”, - deyə Anar Məmmədov vurğulayıb.

Seçilən
12
1
azertag.az

3Mənbələr