AZ

Fransis Koklen “Nant”da

2024-cü ilin yayında “Vilyarreal”dan ayrılandan bəri işsiz olan fransalı yarımmüdafiəçi Fransis Koklen bundan sorna “Nant”da çıxış edəcək.

Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.

Azad agent statusuna malik 33 yaşlı futbolçu yeni klubu ilə bu mövsümün sonuna kimi anlaşıb.

Fransis Koklen peşəkar karyerasına London “Arsenal”ında başlayıb. “Loryan”, “Frayburq”, “Çarlton Atletik”, “Valensiya” kimi klublarda da oynamış dayaq yarımmüdafiəçisi 2020-ci ildən ötən mövsümün sonunadək “Vilyarreal”da forma geyinib. O, La Liqa təmsilçisinin heyətində 107 oyuna 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçuya əsas millidə debüt qismət olmayıb.

“Nant” İsveçrənin “Yanq Boyz” klubunun konqolu hücumçusu Meşak Eliyanı da bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.

Peşəkar karyerasına “Don Bosko”da başlamış Eliya “Mazembe”də də çıxış edib. 2020-ci ildən “Yanq Boyz”da çıxış edən 27 yaşlı forvard bu komandada 200 oyuna 43 qol və 41 məhsuldar ötürmə müəllifi olub.

Eliya 2016-cı ilin yanvarında debüt etdiyi Konqo Demokratik Respublikası yığmasında 51 oyuna 11 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

“Nant” üç futbolçusu ilə də yollarını ayırıb. 29 yaşlı dayaq yarımmüdafiəçisi Jan-Filipp Qbamen azad agent kimi İsveçrə “Sürix”inə keçib. 27 yaşlı mərkəz müdafiəçisi Jan-Kevin Duvern “Kortreyk”ə (Belçika) icarəyə verilib. 25 yaşlı hücumçusu İqnatius Qanaqo da icarə əsasında ABŞ klubu “Nyu İnqlend Revolyuşn”a keçib.

Seçilən
93
arena.az

1Mənbələr