“Monterrey”lə azad agent qismində anlaşmış məşhur ispan mərkəz müdafiəçisi Serxio Ramos “93” nömrəsini seçməsini izah edib.
Arena.az DAZN şəbəkəsinə istinadən, ispan futbolçunun bu barədə açıqlamasını təqdim edir:
“93-cü dəqiqə mənim ən yaxşı anım olub və bu, bütün “Real”a və mənim karyerama bir hörmət əlamətidir. Bu, müvafiq məqamı sizlərlə – Meksika, Monterrey və bizim bütün tərəfdarlarımızla paylaşmaq üçün necə də yaxşı bir üsuldur…”, deyə Ramos vurğulayıb.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının 2013/2014-cü illər mövsümünün finalında Serxio Ramos “Real”ın heyətində Madrid “Atletiko”su ilə oyunun təzminat müddətində – məhz 90+3-cü dəqiqədə “qaymaqlılar”ın əzəli rəqibinin qapısına yol taparaq, hesabı bərabərləşdirmişdi. Oyunu əlavə vaxta sürükləmiş “kral klubu” yekunda 4:1 hesablı qələbəni bayram etmişdi.
“Monterrey” 38 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Jurnalist Nikolo Skiranın təqdim etdiyi məlumata görə, Ramosun Meksika klubunda qazancı il ərzində təxminən 4 milyon avro məbləğ təşkil edəcək.
Vurğulayaq ki, Serxio Ramos uzun müddət idi azad agent qismində özünə yeni düşərgə axtarırdı.
Ramos “Sevilya”nın məzunudur və Əndəlüs komandasının heyətində 2003-2005-ci illərdə çıxış etdiyi dövrdə 50 oyun keçirib, 3 qol vurub. Təcrübəli futbolçu 18 ildən sonra, 2023-cü ilin sentyabrında doğma klubuna qayıtsa da, 2024-cü ilin yayında “Sevilya”dan ayrılandan bəri işsiz idi. Veteran müdafiəçinin “Sevilya”nın heyətində çıxışının ümumi mənzərəsi belədir: 87 oyun, 10 qol, 1 məhsuldar ötürmə.
Müdafiəçi 2005-ci ildə məhz “Sevilya”dan “Real”a keçib. Ramos karyerasının ən məhsuldar dövrünü Madrid klubunda keçirib. İspan müdafiəçi 2015-2021-ci illərdə “Real”ın kapitanı olub. Ramos “kral klubu” ilə 5 dəfə İspaniya La Liqasını, 2 dəfə İspaniya Kral Kubokunu, 4 dəfə İspaniya Super Kubokunu, 4 dəfə UEFA Çempionlar Liqasını, 3 dəfə UEFA Super Kubokunu, 4 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.
Serxio “Real”dan ayrılandan sonra Fransa nəhəngi PSJ-də oynamağa başlayıb. Ramos 2021-2023-cü illər aralığında Paris klubunun heyətində 58 oyun keçirib, 6 qol vurub, 1 məhsuldar ötürmə verib. İspan müdafiəçi parislilərlə 2 dəfə Fransa çempionatını (2021/2022, 2022/2023) və Fransa Super Kubokunu (2022/2023) qazanıb.
Serxio Ramos 2005-ci ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 180 oyun keçirib, 23 qol vurub, 8 məhsuldar ötürmə verib. Ramos İspaniya yığması ilə DÇ-2010-da, AÇ-2008-də və AÇ-2012-də qalib olub. Müdafiəçi həmçinin İspaniyanın U-19 yığması ilə AÇ-2004-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 1,8 milyon avro məbləğində qiymətləndirir.