AZ

Qrenlandiyada görünməmiş buz daşqını baş verib

Bakı, TurkicWorld

Alimlər Şərqi Qrenlandiyada tarixdə qeydə alınan ən böyük buzlaq göl daşqınlarından birini müşahidə ediblər.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Katalina gölündə yığılan 3 trilyon litr ərimiş buz həftələr ərzində Edvard Beyli buzlaqının altında 25 kilometr uzunluğunda tunel yaradaraq Scoresby Sound fyorduna axıb.

Bu həcmdə su Danimarkanın illik su istehlakının üç qatına bərabərdir və qlobal istiləşmənin yaratdığı riskləri bir daha ortaya qoyur.

Belə ki, Katalina gölü 20 il ərzində ərimiş buz suları ilə dolub. Su buzlağın altında yığılıb və təzyiq nəticəsində buz kütləsini yuxarı qaldıraraq nəhəng bir tunel yaradıb.
Bu cür hadisələr Glacial Lake Burst Floods (GLOF) adlanır və son 30 ildə qlobal istiləşmənin təsiri ilə daha tez-tez baş verir.

Kopenhagen Universitetinin Niels Bohr İnstitutunun alimləri ilk dəfə peyk görüntülərindən istifadə edərək bu prosesi real vaxt rejimində izləyiblər.

Tədqiqatlara görə, belə buzlaq daşqınları xüsusilə Himalay dağları kimi əhalinin sıx yaşadığı yerlərdə təhlükəli ola bilər.
Hazırda dünyada 15 milyon insan buzlaq daşqınlarının təhlükəsi altındadır.

Qeyd edək ki, Katalina gölündən axan suyun gücü dünyanın ən böyük atom elektrik stansiyasının 22 günlük tam istehsalına bərabərdir.
Alimlər bu gücün yaşıl enerji istehsalında necə istifadə oluna biləcəyini araşdırmağa çağırırlar. Lakin Qrenlandiyanın aşağı əhali sıxlığı və infrastruktur çatışmazlığı bu potensialdan istifadəni çətinləşdirir.

Seçilən
62
1
turkic.world

3Mənbələr