AZ

“Bantik” dodaqlar, “avatar” üz quruluşu, “kaman” qaşlar, “fındıqburun” HƏVƏSİNDƏ OLANLAR DİQQƏT-CİDDİ FASADLAR MEYDANA...

Məşhurların, səhnə və efir adamlarının, daim göz önündə olanların plastik cərraha üz tutmalarına öyrəşmişdik. Özlüyümüzdə buna belə don geyindirirdik ki, onlara lazımdır, daim diqqət mərkəzindədirlər. Daha sonra tendensiya dəyişdi. Yavaşı-yavaş cərrah “bıçağı”nın yaratdığı möcüzələr başqa sahələrdə çalışan xanımalarda, daha sonra elə evdar xanımlarda da görünməyə başladı. Sayı az olsa da, bu gün kişilərin də plastik cərrahiyyədən istifadə etməsi artıq heç kimi təəccübləndirmir.
Əslində müəyyən yaşdan sonra xanımların gənc görünmək arzusu tam təbiidir. Bundan ötrü həm estetik cərrahlara, həm də kosmetoloqlara müraciət də anlaşılandır. Axı xanımlar, həmişə gənc və gözəl görünmək istəyir. Problem ondadır ki, plastik əməliyyatlar gənc xanımların da arasında dəb halını aldı. Artıq “bantik” dodaqlara, “avatar” üz quruluşuna, “kaman” qaşlara, “fındıqburun”lara hər addımda rast gəlməyə başlayırıq. Ardınca da bədən şəkilləndirmələr dəbə düşdü. Dünya standartlarına uyğun sinə, bud, baldır, omba və s. bir-birinin ardınca gözəllik bazarına girdi, maddi və fiziki imkanı olan xanımlar pullarını və canlarını götürüb qaçdılar gözəlləşməyə. Bunun bir səbəbinin də  psixoloji olduğunu desəm, yanılmaram, yəqin ki. Çünki araşdırmalara görə, plastik əməliyyatlara çox vaxt doğrudan da ehtiyacdan müraciət olunsa da, müəyyən hallarda bədənin hansısa bir hissəsinin başqa bir formaya salmaq arzusunun, sadəcə, bir kapriz, istək olduğu hallar da az deyil. Kim bununla özünü xoşbəxt hiss edirsə, etsin. Nə gözəl! Amma təəssüf ki, bəzən həkimlərin qeyri-peşəkarlığından, bəzən də pasiyentlərin peşəkar həkimləri dinləməyib öz istədikləri forma və ölçünü tələb etmələrindən ortaya qəribə “gözəlliklər” də çıxır.
Gözəl demişkən, yəqin ki, təkcə mən yox, elə bir çoxunuz da plastik əməliyyatdan çıxan xanımların bir-birinə oxşadığını hiss etmisiniz. Bu da gözəllikdirmi? Bəzən mənə elə gəlir ki, bu cür insanlar “estetika fabriki”nin “plastika” dəzgahında konveyer üsulu ilə istehsal olunublar. İki addımdan bir eyni üzlü, eyni cizgili, eyni bədən formasında adamları görüb bəzən özüm də hürkürəm. Axı eyni cürünü bir az əvvəl görmüşdüm. Deyirəm, bəlkə robotlar planetindəyəm?
Bilirəm, bunun qarşısını almaq mümkün deyil. Hərə öz bədəninin sahibidir və onu istədiyi şəklə salmağa haqqı var. Heç kim buna qarışa bilməz. Bəs rəfiqəsilə eyni cür ayaqqabını geyinməyən, iş yoldaşıyla eyni cür çanta götürməyən, eyni don seçməyən xanımlar nə əcəb bir-birinə bənzəmək istəyirlər? Nədir bu eyniliyi sevməyən xanımların eynilik sevdası? 

Xanım Aydın


Seçilən
32
azia.az

1Mənbələr