AZ

Dünyada qızıla tələbat niyə artıb? – Ekspert danışır

Dünyada qızılın tələbi rekord səviyyəyə – 4 974,5 tona çatıb. Eyni zamanda Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,35% artaraq 2 887 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,45% artaraq 32,77 ABŞ dolları olub. Son aylarda bu tendensiya güclənib və qiymətlərdə əhəmiyyətli artım müşahidə olunur. Maraqlıdır, bu artımın arxasında hansı faktorlar dayanır və gələcəkdə hansı nəticələr doğura bilər?

Apress.az xəbər verir ki, Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanov iqtisadiyyat.az-a açıqlamasında son üç ildə dünyanın mərkəzi bankları hər il qızıl ehtiyatlarını 1 000 tondan çox artırdığını bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə isə bu göstərici 1 045 ton təşkil edib və artım tendensiyası davam edir: “Ötən il bir sıra ölkələrin mərkəzi bankları qızıl ehtiyatlarını əhəmiyyətli dərəcədə genişləndirib. Polşa, Çexiya və Macarıstan qızıl alışlarını artıraraq ehtiyatlarını müvafiq olaraq 90, 20 və 16 ton artırıb. Türkiyə isə 75 ton qızıl alaraq dünyanın ikinci ən iri alıcısına çevrilib. Asiyada Hindistan və Çin qızıl alışlarını kəskin şəkildə artırıb, Özbəkistan isə bu prosesə qoşulan ölkələr arasında yer alıb”.

R.Əmircanov vurğulayıb ki, Azərbaycan da qızıl ehtiyatlarını artıran ölkələr sırasında yer alır: “Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıl yatırımlarını genişləndirərək qızıl alışlarını artırır. Bu addım Azərbaycanın iqtisadi sabitliyini qorumaq və ehtiyatlarını gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır”.

Mərkəzi bankların strateji yanaşmasının son illərdə qızıl ehtiyatlarının artırılması ilə özünü daha qabarıq şəkildə göstərdiyini vurğulayan mütəxəssis söyləyib ki, inkişaf etməkdə olan ölkələrin mərkəzi bankları qızılı etibarlı və uzunmüddətli investisiya vasitəsi kimi görməyə davam edir. Onun sözlərinə görə, xüsusilə Çin və Hindistan bu strategiyanı gücləndirən əsas ölkələr arasında yer alır.

Ekspert deyib ki, Dünya Qızıl Şurasının (WGC) proqnozlarına görə, faiz dərəcələrinin enməsi, ABŞ dollarının zəifləməsi və geosiyasi risklərin davam etməsi fonunda qızıl bazarına sərmayələr, birja xaricindəki alışlar və fyuçers ticarətinə maraq yüksək olaraq qalacaq: “Qızılın bahalaşmasının əsas səbəbləri qlobal geosiyasi gərginlik, iqtisadi qeyri-müəyyənlik və inflyasiya təzyiqləridir. ABŞ-da maliyyə siyasətindəki qeyri-sabitlik, faiz dərəcələrindəki dəyişikliklər və ticarət mübahisələri investorları alternativ, etibarlı aktivlərə yönəldir. Nəticədə, qızılın qiyməti yüksəlir, zinət əşyalarına olan tələb azalır, lakin investisiya və texnologiya sektorlarında qızılın əhəmiyyəti artır. Hazırda Nyu-York Əmtəə Birjasında (COMEX) qızıl fyuçerslərinin qiyməti yüksəlməkdə davam edir”.

Son dövrlərdə zinət əşyalarına marağın azalmasının və investisiya meylinin güclənməsinin daha aydın müşahidə olunduğunu vurğulayan mütəxəssis qeyd edib ki, qızılın bahalaşması qlobal zinət əşyalarına olan tələbi xeyli zəiflədib, xüsusilə Çin və Hindistan bazarlarında bu tendensiya daha qabarıq hiss olunur. R.Əmircaniov həmçinin əlavə edib ki, pandemiya illərini nəzərə almasaq, bu, son illərin ən aşağı göstəricilərindən biridir: “Qızıl qiymətlərinin artması zərgərlik və sənaye sektorlarında istehsal xərclərini yüksəldir ki, bu da istehlak bazarına birbaşa təsir göstərir. Əgər qızılın qiyməti indiki səviyyədə qalmağa davam etsə və əsas bazarlarda iqtisadi artım zəif olsa, zinət əşyalarına olan tələbin daha da azalacağı ehtimal olunur. Bunun əksinə olaraq, 999.9 əyar qızıl sikkələrə və külçələrə maraq sürətlə artır. İstehlakçılar artıq qızılı təkcə zinət əşyası kimi deyil, daha çox investisiya məqsədilə əldə etməyə üstünlük verirlər. Güclü dollara və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimlərini ertələməsinə baxmayaraq, qızılın unsiya qiyməti 3 000 dollara yaxınlaşır. Bunun əsas səbəblərindən biri ABŞ-ın yeni ticarət rüsumları tətbiq etmə ehtimalı və qlobal inflyasiyanın davamlı yüksəlişidir”.

Mütəxəssis xatırladıb ki, 5 fevral 2025-ci il tarixində qızılın qiyməti tarixdə ilk dəfə olaraq bir unsiya üçün 2 900 dolları aşaraq yeni rekord həddə çatıb:

“Hazırda London Əmtəə Birjasında qızılın bir unsiyası 2 860 – 2 875 ABŞ dolları diapazonunda ticarət olunur. Gümüş bir unsiya üçün 32 ABŞ dolları səviyyəsində qiymətləndirilir, platin isə 980 – 995 ABŞ dolları, palladium isə 1 000 – 1 020 ABŞ dolları arasında dəyişir. Əgər tələb davamlı yüksək qalarsa, qızılın qiyməti yeni rekordlara çataraq daha da bahalaşa bilər”.

Seçilən
12
apress.az

1Mənbələr