AZ

Bakıdan Moskvaya ultimatum

Rəsmi Bakı Azərbaycana qarşı şərh, böhtan, təhqir və hədə kampaniyanın birbaşa Kremldən idarə olunduğunu çox gözəl bilir.

Publika.az Teleqraf.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Televiziyasının (AzTV) sədri Rövşən Məmmədovun müəllifi olduğu "Həftə" analitik-informasiya proqramının fevralın 9-da efirə gedən buraxılışında bildirilib.

Verilişdə "Azərbaycan Hava Yolları"na məxsus “Embraer-190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı aparılan araşdırmaya dair ilkin hesabata toxunulub:

"Birincisi, .“Embraer-190” sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tamamilə yararlı vəziyyətdə olub.

İkincisi, hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışıb.

Üçüncüsü, təyyarə Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib.

Dördüncüsü, hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində 2-ci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barədə qərar verib və bu zaman Qroznı üzərində 24 saniyə aralıqla 2 dəfə kənar səsin gəlmə faktı qeydə alınıb.

Beşincisi, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirib.

Daha sonra, araşdırma prosesi müəyyənləşdirib ki, hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələr var. Zədələr təyyarə füzelyajının arxa hissəsində, xüsusilə, şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub. Ən vacibi isə odur ki, zədələrin məhz kənar obyektlərin təsiri nəticəsində formalaşdığı dəqiqləşib. Yəni Rusiya tərəfinin uydurduğu “təyyarə quşlarla toqquşub” kimi nağıllar öz təsdiqini tapmayıb. Hadisə məhz cinayət xarakterlidir və bunu sübut edən əhəmiyyətli detallardan biri də odur ki, saat 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, saat 05:21:42-də, təxminən 8 dəqiqə sonra, əlaqələndirici dispetçer “Kovyor” əməliyyatı barədə Qoznıya məlumat verir. Başqa sözlə, təyyarənin atəşə tutulması “Kovyor” əməliyyatından öncəyə təsadüf edir ki, bu da Rusiyanın aidiyyati strukturlarının məsuliyyətsiz davrandıqlarını tam şəkildə təsdiqləyir".

Dövlət televiziyasının efirindən elan olunub ki, Azərbaycan tərəfinin günahkarları cəzalandırmaq, şəffaflıq və insani davranış tələb etmək üçün tam haqqı var: "Üstəlik, araşdırmalar da hələ davam edir və biz hələ ki, ilkin hesabatları almışıq. Çikaqo Konvensiyasına əsasən, 1 il ərzində yekun hesabat da hazırlanmalıdır. Amma və lakin... Düşünürük ki, elə ilkin hesabatlar da Rusiya tərəfinin Azərbaycan xalqından üzr istəməsi, kompensasiya ödəməsi, bir sözlə, üzərinə düşən məsuliyyəti yerinə yetirməsi üçün kifayət qədər əsas yaradır".

Seçilən
26
3
publika.az

4Mənbələr